Səxavət Əlisoy: "AXCP funksionerləri birləşmə təklifini Müsavat başqanı İsa Qəmbərə qarşı yönəldirlər"
Müsavatdan AXCP-yə ŞOK İDDİA

"Cəbhəçi funksionerlər Müsavat Partiyasının buraxılmasını, İsa Qəmbərin istefasını, Əli Kərimlinin isə superpartiyanın lideri olması istiqamətində fəaliyyət göstərirlər". SİA xəbər verir ki, bu haqda İsa Qəmbərin müşaviri Səxavət Əlisoy AXCP-nin Müsavat Partiyasının müttəfiqlik və əməkdaşlıq sazişi imzalanmasına soyuq münasibət bildirməsinə fikir bildirərkən deyib.

Müsavat Partiyası ilə AXCP arasında keçirilən görüşdə yenidən Cəbhə sədri Əli Kərimlinin iki partiyanın bir superpartiyada birləşməsi məsələsini qaldırdığını xatırladan Əlisoy qeyd edib ki, məhz AXCP sədrinin təlimatlarına uyğun olaraq açıqlamalar və bəyanatlar səsləndirən funksionerlər Müsavatın bütün təkliflərini məhz İsa Qəmbərə qarşı yönəldirlər: "Onlar Müsavat başqanını siyasi proseslərdən kənarda qoymaq iddiasındadırlar. Bu, böyük bir səhvdir".
Xatırladaq ki, bugünlərdə AXCP Məclisinin toplantısında Müsavat Partiyasının təkliflərinin Rəyasət Heyətinin iclasında dəyərləndiriləcəyi qərara alınıb. Cavabın gecikdirilməsi isə Müsavat tərəfindən hiddətlə qarşılanmaqdadır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə