Prezident Zaur Həsənovun müalicəsinin təmin olunması və ailəsinə kömək göstərilməsi ilə bağlı tapşırıq verib

"Qarabağ müharibəsi əlili, çoxuşaqlı ailə başçısı Zaur Həsənovun intihara cəhd etməsi xəbəri bizi dərindən sarsıtdı". SİA-nın məlumatına görə, bunu AzərTAc-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şəbəsinin müdiri Əli Həsənov deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyasında hakimiyyətlərin bölgüsü prinsipi birmənalı şəkildə təsbit olunub: "Heç bir dövlət orqanı, o cümlədən ali icra hakimiyyətini həyata keçirən Azərbaycan Respublikasının Prezidenti və onun Administrasiyası hakimiyyətin digər qolu olan məhkəmələrin qərarına müdaxilə edə bilməz. Bizə məlum olan informasiyaya görə, Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyətinin tabeliyində olan "Şıx" sanatoriyası ərazisində Zaur Həsənovun bir müddət işlətdiyi iaşə obyekti qanunsuz fəaliyyət göstərdiyinə görə məhkəmənin qərarı ilə sökülüb. Biz məhkəmənin hökmünü dəyişdirə bilmərik. Lakin Zaur Həsənovun müharibə veteranı və çoxuşaqlı ailə başçısı olduğunu nəzərə alaraq, hər bir dövlət orqanı və ictimai təşkilat, ilk növbədə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz imkan və səlahiyyətləri daxilində onun sosial problemlərinin həllinə kömək göstərməlidir".

Əli Həsənov deyib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zaur Həsənovun özünü yandırmağa cəhd etməsi barədə xəbərdən çox narahat olub və sarsılıb. Cənab Prezident müharibə əlilinin müalicəsinin təmin olunması və ailəsinə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti qurumlara lazımi tapşırıqlar verib. Ümid edirik ki, Zaur Həsənov tezliklə sağalıb öz ailəsinin yanına qayıdacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...