Elşən Musayev: “ABŞ-dan internetlə partiya idarə etmək ağılasığmazdır”
"Rəsul Quliyev artıq siyasətdə psixoloji sarsıntı keçirdir. Nə danışdığının fərqində deyil". Bunu SİA-ya Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev Rəsul Quliyevin yeni siyasi partiya yaratmaq qərarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rəsul Quliyev yeganə insandır ki, hamıya xəyanət edir, ətrafında olanları da sata-sata gedir: "Sosial bazaya sahib olmayan bu insan vaxtilə dövlətdən oğurladığı pullarla ancaq bir-iki nəfəri ətrafında saxlaya bilib. Bununla da onun müsbət nəticə əldə edə bilməsi inandırıcı görünmür. Gündəmdə qalmaq üçün arada bir partiya yaratması onun ya yaşından, ya da ömürlük Azərbaycana gəlməmək qorxusundan irəli gələn məsələdir".
Partiya liderinin bütün proseslərin önündə olması vacibliyini qeyd edən DMP sədri onu da qeyd edib ki, Azərbaycanda olmaya-olmaya hər hansı bir siyasi partiya idarə etmək mümkünsüzdür: "Mən bu kimi insanların apardığı siyasəti "distansionlu siyasət" adlandırıram. ABŞ-dan internetlə partiya idarə etmək ağılasığmazdır. Sülhəddin Əkbərlə telefon danışığında hətta, o, Milli Şuranı, orada olan insanları təhqir etdi. Yəni, o, "qardaş", "dost" dediyi insanlara bu cür davranırsa, siyasətdə hansı müsbət irəliləyiş əldə edə bilər?!".
Partiya sədri onu da vurğulayıb ki, Rəsul Quliyev bütün şanslarını 2005-ci ildə itirdi: "Öz cəsarətsizliyinin ucbatından bütün siyasi təməlini dağıtdı, perspektivini korladı. Partiya yaratmaqla, təşkilat yaratmaqla özünü reklam edə bilər, ancaq bundan sonra siyasətdə heç bir rol oynaya bilməz".
İNTİZARƏ MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB