“Həmsədrlər yenilik etmək qabiliyyətinə malik deyillər”

“Həmsədrlər yenilik etmək qabiliyyətinə malik deyillər”

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son hadisələri müzakirə etmək məqsədilə dekabrın 15-19-da bölgəyə səfər edib və səfərlə bağlı bəyanat yayıblar. SİA məsələ ilə bağlı "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və millət vəkili Fazil Mustafanın fikirlərini öyrənib.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu: "Həmsədrlərin regiona səfəri və onların bəyanatları ilə bağlı çox da optimist olmağa dəyməz. Çünki, bunun üçün ciddi bir əsas da yoxdur. Amma buna baxmyaraq, iki illik fasilədən sonra Dağlıq Qarabağ probleminin yenidən prezidentlər səviyyəsində görüşdə müzakirə masasına gəlməsi, bundan əlavə problemin həlli ilə bağlı səsləndirilən optimist fikirlər özlüyündə pozitiv hadisədir. Bu mənada həmsədrlərin regiona son səfərini yaxşı qiymətləndirmək olar.

Amma bütövlükdə bilirik ki, Minsk qrupunun fəaliyyəti Azərbaycanı qane etmir. Onların fəaliyyəti bəzən insanlarda elə fikir formalaşdırır ki, ATƏT-in Minsk qrupu status-kvonun qorunmasını himayə edir.

Lakin Azərbaycanın mövqeyi dəyişməzdir və ölkəmizin mövqeyi ondan ibarətdir ki, biz heç bir zaman ərazi bütövlüyümüz və sərhəd toxunulmazlığımızdan əl çəkməyəcəyik. Bu problem gec-tez həll olunmalıdır. Artıq həmsədrlər, düşmən ölkə olan Ermənistan da başa düşür ki, zaman Azərbaycanın xeyrinə işləyir və ölkəmiz get- gedə daha da güclənir.

Kim bilir, bəlkə problem tezliklə həll olunsa, Ermənistan daha çox divident əldə edə bilər və daha çox böhrana düşmədən Azərbaycanla münasibətlərini düzəldə bilər?!"

Millət vəkili Fazil Mustafa: "Həmsədrlərin regiona səfəri əvvəlki səfərlərindən heç nə ilə fərqlənmədi. Ona görə ki, düşmən ölkə olan Ermənistanın mövqeyində heç bir dəyişiklik hiss edilmir. Nə zaman Ermənistan tərəfi açıq elan etsə ki, biz Dağlıq Qarabağ münaqişəsinin həllində mövqelərimizi dəyişmək niyyətindəyik, o zaman münaqişə öz həllini tapacaq. Belə fikir olmadığı halda ATƏT-in Minsk qrupu yalnız statistik qeydiyyat almaq üçün səfərlər həyata keçirir. Ona görə də deyə bilərəm ki, ATƏT-in Minsk qrupunun fəaliyyətində heç bir irəliləyiş müşahidə olunmur. Onlar münaqişənin həll edilməməsini Azərbaycanla Ermənistan üzərinə yıxırlar. Onlar vasitəçidirlər və yalnız təkliflər vermək qabiliyyətinə malikdirlər. ATƏT-in Minsk qrupu yenilik, novatorluq etmək qabiliyyətinə malik deyil".

Qeyd edək ki, Həmsədrlər 2014-cü ilin yanvar ayında ATƏT-in yeni sədri ilə məsləhətləşmələr aparmaq üçün İsveçrəyə səfər edəcəklər. Bundan sonra Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü və növbəti sammitə hazırlıq planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə