Elman Abdullayev: “Təbii ki, bu layihənin hər biri özlüyündə tarixi andır” AÇIQLAMA

Elman Abdullayev: “Təbii ki, bu layihənin hər biri özlüyündə tarixi andır” AÇIQLAMA

"Bu gün Ermənistan ciddi demoqrafik böhranla üzləşib. Burada ən əsas rolu iqtisadi böhran oynayır. Demoqrafik və iqtisadi böhran isə bir-birinə bağlı proseslərdir. Təbii ki, bu böhranlı proseslərin Ermənistanda şiddətlənməsi və daha kəskin bir mərhələyə daxil olmasında yalnız işğalçı ölkənin rəhbərliyinin özü məsuliyyət daşıyır. Bir sözlə, burada bütün məsuliyyət rəsmi İrəvanın üzərinə qoyulmalıdır". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistandakı acnacaqlı vəziyyətə münasibət bildirərkən deyib.

XİN sözçüsünün sözlərinə görə, bu gün Ermənistan xalqının özü də bu məsuliyyəti birmənalı şəkidə rəsmi İrəvanın üzərinə qoyur: "Çünki rəsmi İrəvan regional proseslərdən təcrid olunmaqla, qonşularla münasibətləri pisləşdirməklə, onlara qarşı ərazi iddiaları qaldırmaqla, öz işğalçılıq, etnik-təmizləmə siyasətini davam etdirməklə regionda aqressiv, işğalçı "titulunu" qazanıb. Bunu tək Azərbaycan deyil, eləcə də beynəlxalq ictimaiyyətin, təşkilatların müxtəlif tərəfləri bəyan edirlər".

E.Abdullayev bildirib ki, Ermənistan iqtisadiyyatının bərbad vəziyyətdə olmasının bir neçə səbəbi var: "Birincisi, Ermənistan rəhbərliyinin uzaqgörən siyasət həyata keçirməməsidir. İkincisi isə işğalçı ölkənin regionun lideri olan və regionda nəhəng iqtisadi potensiala malik olan Azərbaycanın imkanlarından istifadə etməməsidir. Çünki Azərbaycan dəfələrlə öz iqtisadi potensialını (Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə) qarşı tərəfə təklif edib. Bugünədək regionda nəhəng layihələrdən yararlanmayan Ermənistan tərəfi böyük iqtisadi itkilər verib. Təbii ki, bu layihənin hər biri özlüyündə tarixi andır. Deyərdim ki, bu kimi layihələr əsrdə bir dəfə olur. Həmin layihələr həyata keçirildikdən sonra bu, region ölkələrinin iqtisadiyyatına öz töhvəsini davam etdirir. Azərbaycan birmənalı şəkildə hər zaman regionu inkişaf etdirmək əzmində olduğunu vurğulayıb. Təbii ki, bu, bizim siyasətimizdir. Azərbaycanın siyasəti regionda mehriban qonşuluq siyasətinin əsaslarını möhkəmləndirməkdir. Bu cür aciz vəziyyətdə ermənilərin öz ölkələrini tərk etməsi təbii bir prosesdir. Çünki vətəndaşın rifahı yüksəlmədikcə o, öz ailəsinin vəziyyətinin yaxşılaşdırılması üçün başqa çıxış yolları axtarıb tapmağa çalışır".

Bütün xəbərlər Facebook səhifəmizdə