Elman Nəsirli: “Davudoğlu və Nalbandyan görüşündən möcüzə gözləmək üçün əsas yox idi” MÜSAHİBƏ
Politoloq Elman Nəsirlinin SİA-ya müsahibəsi:
- Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun İrəvana səfəri və onun Ermənistan xarici işlər naziri Edvard Nalbadyanla görüşünü şərh edərdiniz.
- Bilirik ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İrəvanda səfərə oldu və Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv olan dövlətlərin XİN rəhbərlərinin toplantısı çərçivəsində həmkarı Nalbadyanla görüşdü. Görüş həm türk, həm də erməni mətbuatında siyasi ajataja səbəb oldu və bununla bağlı bir çox versiyaları özündə əks etdirən məlumatlar yayılmağa başladı. İddia olunurdu ki, guya Davudoğlu Nalbandyanla apardığı danışıqlarda Dağlıq Qarabağ ətrafında iki rayonun azad olunması məsələsini diqqət mərkəzində saxlayacaq. Həmçinin daha bir informasiya da var idi ki, səfər çərçivəsində Ermənistan "Yol Xəritə"si hazırlayıb. Həmin xəritəyə əsasən guya ki, Türkiyə qondarma erməni soyqırımının tanıması ilə bağlı jest etməli, eyni zamanda bu hadisəyə görə, beynəlxalq ictimaiyyət qarşısında üzrxahlıq etməlidir. Yalnız bundan sonra paralel şəkildə Ermənistan- Türkiyə sərhədlərinin açılması reallaşa bilər. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ isə sonrakı məsələdir və heç bir halda birinci və ya ikinci məsələ ilə əlaqəsi yoxdur.
Səfər çərçivəsində maraqla qarşılanan digər bir halda var idi ki, Türkiyənin xarici işlər naziri təyyarəsində 3 nəfər erməni əsilli şəxsi özü ilə aparıb. Bu da Ermənistan tərəfindən Türkiyənin onlara jesti, kompromisə gəlməyə meyilli olması kimi dəyərləndirildi. Lakin sonda məlum oldu ki, heç bir halda Əhməd Davudoğlu və Nalbandyan danışıqlarında iki rayonun müzakirəsi ilə bağlı danışıqlar olmayıb. Görüşdə ikitərəfli və çoxtərəfli münasibətlər müzakirə edilib, ərazi qaytarılması ilə bağlı isə heç bir müzakirə olmayıb.
Nəzərə alaq ki, Türkiyə XİN başçısı səfəri çərçivəsində Ermənistan prezidenti ilə görüşmədi. Belə olan halda mətbuata bu informasiya da ötürülüb ki, Nalbandyan və Davudoğlu arasında aparılan danışıqlar çox mehriban şəkildə keçib. Lakin bu mehribanlıq hansı anlaşmalarda və razılaşdırılmalarda özünü göstərib? Bununla bağlı heç bir məlumat yoxdur. Buna görə hesab edirəm ki, QİƏT tədbiri çərçivəsində Nalbandyan və Davudoğlu arasında keçirilən görüşdən möcüzə gözləmək və inanmaq üçün heç bir əsas yox idi. Bunun da şahidi olduq.
- Sizcə, səfər çərçivəsində Türkiyə və Ermənistan XİN başçıları arasında keçirilən görüş haqqında heç bir məlumatın verilməməsinin səbəbi nə ola bilər?
- Türkiyə və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüş və onlar arasında müzakirə olunan məsələlər haqqında heç bir məlumatın olmaması bir neçə versiya və şayiələrin yayılmasına gətirib çıxarıb. Şayiələrdən birincisi ondan ibarətdir ki, əgər heç bir açıqlama yoxdursa, deməli, bu görüş çərçivəsində heç bir razılaşma əldə edilməyib, danışıqlar tamamilə nəticəsiz qalıb. Digər bir versiya isə ondan ibarət idi ki, ola bilsin ki, danışıqlar zamanı nədəsə razılıq əldə edilib, hansısa məsələlərdə ortaq məxrəcə gəlinib, sadəcə onun elan edilməsi nəzərdə tutulan planların reallaşmasına mane ola bilər. Burada bir çox versiyalar irəli sürmək mümkündür. Lakin çox təəssüf ki, detallar məlum deyil.
- Necə düşünürsünüz, bu görüşdən sonra Türkiyənin sərhədlərin açılması ilə bağlı qarşıya qoyduğu şərtdə dəyişiklik ola bilərmi?
- Türkiyə tərəfinin mövqeyi istər görüşdən əvvəl, istərsə də görüş çərçivəsində mövqeyi bəlli idi və indi də bu mövqedə heç bir dəyişiklik yoxdur. Həmin mövqeyə görə, Türkiyə Ermənistanla bağlı olan sərhədlərin açılmasında maraqlıdır və bunu istəyir. Amma burada konkret şərt var. Bu şərt ondan ibarətdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Lakin bu şərtdə doğurdanmı Dağlıq Qarabağa daxil olan bir neçə rayonun və yaxud işğalda olan ərazilərimizin bütövlükdə geri qaytarılacağı nəzərdə tutulub? Bununla bağlı nəsə söyləmək çətindir. Amma hərhalda, Türkiyə tərəfinin mövqeyi belədir ki, sərhədlər yalnız Azərbaycan torpaqları işğaldan azad olunduğu təqdirdə açıla bilər. Lakin konkret addımları müəyyənləşdirdikdə, neçə rayonun işğaldan azad olunacağı haqqında nəsə demək çətindir.
- Sizcə, Türkiyə XİN başçısının İrəvana səfəri ilə ABŞ dövlət katibi Con Kerrinin İrəvana səfəri arasında hansı əlaqələr mövcuddur?
- ABŞ dövlət katibi Con Kerrinin İrəvana səfəri ilə bu səfər arasında əlaqələr tapmaq mümkündür. Ən azı ona görə ki, Əhməd Davudoğlu Vyana görüşündən öncə ABŞ dövlət katibi Con Kerri ilə görüşdü. Bu görüşdə Dağlıq Qarabağ problemi əsas müzakirə məsələsi idi. Təbii ki, bu kontekstdə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi də diqqət mərkəzində saxlanılırdı. İstisna deyil ki, əvvəlcə Türkiyənin xarici işlər naziri Ermənistanda danışıqlar apardıqdan sonra Türkiyə-Ermənistan sərhədlərinin açılması layihəsinin əsas müəllifi olan ABŞ-ın dövlət katibi Ermənistana səfər edə bilər.
Əhməd Davudoğlu və Nalbandyan arasında keçirilən görüşdə müzakirə edilən məsələlərin məxfi və vizual saxlanması onu deməyə əsas verir ki, burada böyük oyunlar oynanır. ABŞ dövlət katibi Con Kerrinin İrəvana səfər etməsi bu cür nəticələrə gəlməyə xüsusi əsas verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB