Millət vəkili: “Mitinqlərlə məsələ həll olunmur” AÇIQLAMA

"Ölkədə sabitliyi pozmağa cəhd etmək istəyən hər bir insan, hər bir müxalifətçi Azərbaycan xalqının əleyhinə olan adamdır". Bu sözləri SİA-ya millət vəkili Hadı Rəcəbli bazar günü müxalifətin mitinq keçirmək cəhdinə münasibət bildirərkən deyib. O bildirib ki, mitinqlərlə məsələ həll olunmur.

Millət vəkilinin sözlərinə görə, hansısa hissə qapılmaqla nəyəsə nail olmaq nə düzgün, nə də mümkün deyil: "Biz dünyada gedən proseslərə baxsaq, buna bir daha əmin ola bilərik. İstər Ukraynada, istərsə də digər ölkələrdə gedən proseslərin mitinq yolu ilə həlli yoxdur. Məsələni hay-küy, pəncərə sındırmaqla həll etmək düzgün deyil. Məsələni müdrik, ağıllı siyasətlə həll etmək daha düzgündür. Ölkə başçısı İlham Əliyev bu cür siyasət həyata keçirir. Biz ölkədə sabitliyi qorumağa çalışmalıyıq. Bunu pozmağa çalışanlar isə ölkəmizin inkişafına mane olmaq istəyənlərdir".

Millət vəkili həmçinin vurğulayıb ki, Azərbaycan mütəmadi, ardıcıl, sabit inkişaf edən bir ölkədir: "Bu gün Azərbaycan o ölkələrdən biridir ki, kataklizmlərdən uzaqdır və ölkədə kəskin addımlar atılmır. Yunanıstana nəzər salsaq, bunu bir daha təsdiq etmiş olarıq. Yunanıstanda əmək haqqlarının artırılması, pensiya yaşının azaldılması, iş yerlərinin çoxaldılması kimi atılan süni addımlar həmin dövləti dizi üstə qoyub. Lakin Azərbaycanda atılan ölçülü- biçili addımlar ölkəmizi inkişafa, uğurlara gətirib çıxardıb. Ölkədə iqtisadi inkişaf var və atılan hər bir addım da Azərbaycan xalqına xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə