Viktor Yuşşenko: “Ukraynanın öz yolu var”

Viktor Yuşşenko: “Ukraynanın öz yolu var”

Ötən gün bir sıra xarici nəşrlər Ukrayna prezidenti Viktor Yanukoviçin Ukraynanın üç eks prezidentləri ilə birlikdə Maydanda baş verənlərə son vermək məqsədi ilə toplantı keçirdiyi xəbərini yaymışdı. Daha sonra həmin toplantının nəticələri haqqında heç bir məlumat verilməmişdi.

SİA-nın Ukraynanın "RBK" saytına istinadən verdiyi son məlumatlara əsasən, Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko Leonid Kravçukun anonsunu verdiyi dəyirmi masada iştirakdan imtina edib. Onun bu addımına səbəb müxalifətin və ictimaiyyət nümayəndələrinin bu tədbirə qatılmaması olub. Yuşşenko onu da deyib ki, Azadlıq meydanına getməsini piara çevirmək istəmir: "Mən Maydanla bir yerdəyəm. Hər dəqiqə Maydandayam".

Yuşşenko dekabrın 10-da axşam Maydanda baş verənləri izlədiyini də bildirib: "Bütün gecəni bu hadisələrin gedişini izləyirdim. Açıq deyəcəyəm, bu çox pisdir, hətta deyərdim ki, dəyirmi masa fonunda mümkünsüz, qəbuledilməzdir. Düşünürəm ki, bizi sadəcə olaraq başqa səmtə və başqa ssenariyə tərəf yönəltmək istəyirlər. Mən istəməzdim ki, bizim ölkəmizdə Liviyada, Suriyada, yaxud Misirdəki ssenarilər tətbiq edilsin. İnanıram ki, Ukraynanın öz yolu var".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə