Rəsul Quliyev yenidən AXCP və Müsavatı ittiham edib

Rəsul Quliyev yenidən AXCP və Müsavatı ittiham edib
"İctimaiyyət siyasi liderlərin qeyri-səmimiliyini müşahidə edir, bu səbəbdən də onları dəstəkləmirlər". SİA-nın məlumatına görə, bu sözləri ACP-nin eks-lideri, Milli Şura üzvü Rəsul Quliyev sosial şəbəkələrdə bölüşüb.

Onun fikrincə, hazırda müxalifətdə olan hər bir qurum perspektiv sonluğa doğru gedir: "İctimai Palata yarananda da onun perspektivsiz bir qurum olduğunu bildirmişdim. Nəticə göz önündədir. Demək olar ki, belə bir qurumun vaxtilə mövcud olması, varlığı haqqında indi heç kimdə məlumat yoxdur. Eləcə də, Milli Şura. Altı aydır ki, bu qurum barədə söz-söhbət gəzir. Amma təşkilat olaraq cəmi 3 aydır ki, üzə çıxıblar. Bir soruşan yoxdur ki, ay AXCP-Müsavat, siz hansı əsaslarla, hansı siyasi səriştə ilə Milli Şuranın yaradılması prosesində iştirak etdiniz, onun qanadı altına sığındınız? Hansı siyasi xidmətlərinə görə Rüstəm İbrahimbəyovu Milli Şuraya sədr qoyub ona partiya rəhbərlərinə başçılıq etmək səlahiyyəti verdiniz?".

İndiki bəzi müxalifət partiyalarının bu anlayışla hərəkət etdiklərini deyən R,Quliyev qeyd edib ki, məhz ona görə də, Milli Şura və buna bənzər təşkilatların hər hansı uğurundan söhbət gedə bilməz: "Əgər bu qurum 3-4 il bundan qabaq yaransa, qarşısına əsas məqsəd kimi Azərbaycanın ərazi bütövlüyü prinsipini, milli maraqları və s. qoysaydı, o zaman Milli Şuranın nəyəsə nail ola biləcəyi barədə fikir yürütmək olardı. Amma bugünkü Milli Şura hakimiyyətə gəlməyə, yalnız şəxsi maraqları təmin etməyə hesablanan layihədir. Burada bu quruma qədər mövcud olan birliklərdə fəaliyyət göstərən, bir-birinə qarşı zidd olan insanlar toplaşıb. Hərənin öz hakimiyyət ambisiyası, şəxsi marağı var. Belə olan halda hansı nəticədən danışmaq olar?".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня