Elman Nəsirli: “Heç kim reallıqları dəyişə bilməz”

Elman Nəsirli: “Heç kim reallıqları dəyişə bilməz”

"Danışıqların bir gün fayda verməyəcəyi və bütün imkanların tükənəcəyi təqdirdə, münaqişənin hərbi yolla həll edilməsi məsələsi aktuallaşa bilər". Bu haqda SİA-ya açıqlamasında politoloq Elman Nəsirli bildirib.

Onun sözlərinə görə, siyasətlə məşğul olanlar bu sahədə birmənalı fikir söyləməyin düzgün olmadığını yaxşı bilirlər. Siyasətdə nə bir mənalı "hə", nə də birmənalı "yox" var. Siyasət "hə" və "yox" arasında yerləşir.

E.Nəsirli belə hesab edir ki, bu baxımdan hər hansı bir siyasi gedişatın nəticəsini əvvəlcədən dəyərləndirərək, dəqiq bir fikir söyləmək düzgün olmaz: "Ola bilsin ki, bugünkü reallıqlar fonunda ABŞ-ın ATƏT-dəki səfiri D.Bayerin fikirləri həqiqətə uyğundur. İndiki karrekturanı və regiondakı geopolitik güclərin mövqeyini nəzərə alsaq, bəlkə də münaqişə dinc yolla öz həllini tapmalıdır. Hər halda ABŞ-ın ATƏT-dəki səfiri çox gözəl bilir ki, işğala məruz qalan dövlətin BMT nizamnaməsinin 51-ci maddəsinə görə öz torpaqlarını istənilən yolla, eyni zamanda hərbi yolla azad etmək hüququna malikdir. Necə ki, Birləşmiş Ştatlar 2001-ci il 11 sentyabr hadisələrindən sonra 2001 ci ilin 7-8 oktyabr tarixində Əfqənistan və Taliban rejiminə qarşı mübarizəyə başladı. Bu zaman BMT Təhlükəsizlik Şurasından icazə istəməyə də ehtiyac qalmadı və danışıqlar deyil, məhz güc tətbiqi haqqında qərar verdi".

Politoloq Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməkdə maraqlı olduğunu bildirib: "Cənab prezident İlham Əliyev dəfələrlə Azərbaycan tərəfinin danışıqlar prosesinə yeni stimul verməkdə maraqlı olduğunu bəyan edib. Lakin hər şeyin sonu olduğu kimi, danışıqlarında bir sonu olmalıdır. Bu gün D.Bayerin fikri indiki reallıqları əks etdirmiş olsada, bütövlükdə reallıqları əks etdirmir. Bununla yanaşı heç kim reallıqların dəyişə biləcəyini də istisna etmir".

Bütün xəbərlər Facebook səhifəmizdə