"Prezidentin sərəncamı müxalifəti tərksilah etdi" Münasibət

"Prezidentin sərəncamı müxalifəti tərksilah etdi" Münasibət

"Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamaqla müxalifəti tərksilah etdi. Çünki müxalifətin yeganə ideoloji silahı ondan ibarət idi ki, Azərbaycan dövləti Məhəmməd Əmin Rəsulzadəyə kifayət qədər diqqət və qayğı göstərmir". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli mövcud sərəncamı şərh edərkən deyib.

Onun sözlərinə görə, bu sərəncamdan sonra müxalifət Azərbaycana qarşı hər hansı bir ideoloji ittiham irəli sürə bilməyəcək: "Bununla da cənab prezident böyük bir jest etmiş oldu. Hətta ölkə başçımız mətbuat nümayəndələri ilə görüşəndə Azərbaycan Xalq Cümhuriyyətinin tarixini yüksək səviyyədə öyrəndiyinə görə Şirməmməd Hüseynova təşəkkür etdi. Prezident İlham Əliyev M. Ə. Rəsulzadə irsinin öyrənilməsini yüksək qiymətləndirdi. Ona görə də bu sərəncam digərlərindən çox fərqləndi".

"İnanıram ki, bu kimi sərəncamlar bundan sonra da mütəmadi olaraq imzalanacaq. Hətta prezidentin bir sıra qərarları da var. Belə ki, AXCP banilərinin xatirəsini əbədiləşdirmək üçün kompleks abidə hazırlanır. Bununla yanaşı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva öz təşəbbüsü ilə vaxtı ilə cümhuriyyət dövründə çap olunan Azərbaycan qəzetinin təxminən 450 nüsxəsinin latın qrafikasına köçürülməsini təmin edib. Fürsətdən istifadə edib Vəhdət Partiyası adından verdiyi bu önəmli qərara görə ölkə başçısına öz təşəkkürümü bildirirəm" – deyə, partiya sədri məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə