Millət vəkilləri ordudakı kadr islahatlarını təqdir etdilər Sorğu

Millət vəkilləri ordudakı kadr islahatlarını təqdir etdilər Sorğu

Son günlər Azərbaycanın bütün güc strukturlarında aparılan islahatlar təbii ki, ölkə iqtisadiyyatının davamlı inkişafına, ölkəmizin beynəlxalq arenada tutduğu mövqeyə hesablanıb. Məhz prezident seçkilərindən sonra cənab İlham Əliyevin hökumətin yeni tərkibdə dəyişdirilməsi haqqında vermiş olduğu qərar da bu qəbildən hesab olunur. Bütün sahələrlə yanaşı, ordumuzda da bir sıra kadr dəyişiklikləri həyata keçirildi. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvlərinin bu dəyişiklikləri necə qiymətləndirdiyini diqqətinizə çatdırırıq.

"Müdafiə sahəsində kifayət qədər ciddi islahatlar aparılacaq"

Millət vəkili Siyavuş Novruzov: "Müdafiə sahəsində yeniliklərin olması təbiidir. Bu sahəyə yeni təyin olunan nazir Zakir Həsənovun ordu ilə bağlı kifayət qədər təcrübəsi var. Uzun müddətdir ki, Daxili Qoşunlara rəhbərlik edib. Bununla yanaşı, Zakir Həsənov bu sahəni dərindən bilən insandır. Artıq müdafiə sahəsində islahatlara başlanılıb. Güman edirəm ki, bu sahədə kifayət qədər ciddi islahatlar aparılacaq".

"Düşünürəm ki, müdafiə naziri Zakir Həsənovun bundan sonrakı fəaliyyət istiqaməti məhz bu cür olacaq"

Millət vəkili Fərəc Quliyev: "Yeni təyin olunan müdafiə nazirinin işini təqdir edirəm, çünki o, çox yaxşı kurs götürüb. Həm əsgərlərə münasibətdə, həm orduda dislakasiya (yerdəyişmə) məsələsində, həm də son kadr islahatında öz potensialını yaxşı mənada özünü bəyan edə bildi. Müdafiə nazirinin bir neçə gün bundan əvvəlki Moskva səfəri isə bunu bir daha sübut etmiş oldu. Bu səfərdə birbaşa Rusiya müdafiə nazirinə irad tutması və onlarda Qafqazda yerləşən rus hərbçilərinin Azərbaycana qarşı münasibətinin aydınlıq gətirməsi mühüm məsələ idi. Hətta o səfərdə belə bir məqam olmuşdu ki, Ermənistanda yerləşən hərbi rus bazasının komandiri bildirmişdi ki, əgər Ermənistan-Azərbaycan müharibəsi başlayarsa, o zaman biz bu məsələyə müdaxilə edəcəyik. Bizim nazirin məsələ ilə bağlı ortaya ciddi sual qoyması, Rusiyanın da özünü müdafiə etməsi üçün çıxış yolu axtarması mühüm məsələ idi. Düşünürəm ki, müdafiə naziri Zakir Həsənovun bundan sonrakı fəaliyyət istiqaməti məhz bu cür olacaq".

"Zakir Həsənov qısa müddətdə ona göstərilən etimadı doğrulda bildi"

Millət vəkili Aydın Mirzəzadə: "Ümumiyyətlə, Azərbaycanda müdafiə sahəsində vaxtaşırı kadr dəyişikliyi həyata keçirilir. Kadr dəyişikliyi silahlı qüvvələr qarşısında yeni vəzifələrin qoyulması ilə olan məsələ idi. Silahlı qüvvələrin digər növündə özünü göstərmiş olan general Zakir Həsənov qısa müddətdə ona göstərilən etimadı doğrulda bildi. Onun cəbhə xəttinə tez-tez səfər etməsi, qoşunların texniki təchizatı ilə bağlı bir sıra yeniliklər etməsi, mətbuata açıq olması, görülən işlər barəsində vaxtaşırı hesabatlar verməsi cəmiyyətin diqqətində olan məsələdir. Kadr dəyişikliyinə gəldikdə isə ordu da cəmiyyətin bir hissi olduğuna görə şübhəsiz ki, gənclər irəli çəkilməli, özünü doğrultmuş şəxslərə yenidən etimad göstərilməsi və ən əsası Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyümüzün qorunması üçün gördüyü böyük işi bir daha gücləndirmək lazım idi. Bu gün yeni müdafiə nazirinin fəailiyyəti cəmiyyətdə müsbət qarşılanır. Hesab edirəm ki, cənab prezident İlham Əliyevin müdafiə sahəsinə göstərdiyi diqqət özünün yeni müsbət nəticələrini göstərməkdədir".

"Ordumuzda mövcud olan problemləri aradan qaldırmaq və Daxili Qoşunlarda olan nizam intizamı burada da yaratmaq üçün yeni nazirimizə ən azı 1 il lazımdır"

Millət vəkili Aqil Abbas: "Müdafiə Nazirliyinə yeni təyin olunan naziri 20 ildən çoxdur ki yaxşı hərbiçi kimi tanıyıram. Onun necə hərbiçi olduğunu bilmək üçün Daxili Qoşunlarda olmaq lazımdır. Belə ki, Daxili Qoşunların hərbi hissələri sanatoriyaları xatırladır. Təbii ki, orduda müəyyən nöqsanlar var. Bunu da bəzi qəzetlər, hətta parlament nümayəndələri Milli Məclisdə səsləndiriblər. Təbii ki, yeni nazir vəzifəyə təyin olunanda orduda irəliləyiş edə biləcək kadrları işə gətirməlidir. Əgər əvvəlki kadrlar bu sahədə tənqid olunursa və orduda müəyyən problemlər varsa, o zaman bu məsələ həll olunmalıdır. Buna görə də həmin kadrların işdə saxlanmasının nə adı var? Bütün bu səbəblərə görə yeni nazir güvənə biləcəyi kadrlarla işləməlidir. İnanıram ki, Zakir Həsənov orduda çox ciddi islahatlar aparır. Köhnə nazirin arxasınca danışmaq niyyətində deyiləm, ancaq elə mütəxəssis kadrlar var idi ki, həmin şəxslər bu sahədən uzaqlaşdırılmışdı. İndi isə onları yenidən bu sahəyə cəlb etmək lazımdır. Təbii ki, 3-4 ay ərzində orduda nailiyyətlərə nail olmaq absurd bir şey olar. Ordumuzda mövcud olan problemləri aradan qaldırmaq və Daxili Qoşunlarda olan nizam intizamı burada da yaratmaq üçün yeni nazirimizə ən azı 1 il lazımdır".

"Zakir Həsənov hər bir kadrın potensialına bələddir"

Millət vəkili Zahid Oruc: "İnanıram ki, müdafiə sahəsində olduqca ciddi islahatlar olacaq. Stalin əbəs yerə demirdi: "Kadr hər şeyi həll edir". Həqiqətən də belədir. Bu mənada Zakir Həsənovun Daxili Qoşunların komandanlığından gətirilməsini təqdirəlayiq hal kimi qiymətləndirirəm. Buna görə də cəmiyyətdə xoş yanaşma gördük. Dövlətlə vətəndaşın mövqeyi tamamilə üst-üstə düşdü. Kadr dəyişikliyinə gəldikdə isə Zakir Həsənov hər bir kadrın potensialına bələd olduğundan insanları öz yerində istifadə edə bilir. Ona görə də bu sahədə atılan addımlar qısa müddətdən sonra gözlədiklərimizi reallaşdırmağa imkan verdi".

Bütün xəbərlər Facebook səhifəmizdə