"Prezident İlham Əliyevin xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncam təqdirəlayiqdir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, dövlətimizin başçısının belə bir Sərəncam verməsi elmi-mənəvi əhəmiyyət daşımaqla bərabər siyasi önəm də kəsb edir: "Uzun ilərdir ki, Azərbaycanda radikal müxalifət iqtidarı xalqımızın dövlətçilik ideyasının reallaşmasında xüsusi xidmətləri olmuş şəxslərdən biri M.Ə.Rəsulzadəyə qarşı əks mövqe tutmaqda ittiham edirdi, günahlandırırdı. Əlbəttə ki, bu cür düşüncə qəbul edilən deyil. Çünki, bu günə qədər Azərbaycanda Rəsulzadənin yaradıcılığı və fəaliyyəti elmi araşdırmalar mövzusu olub, bu barədə kitablar, monoqrafiyalar dərc edilib. Lakin heç vaxt bu cür təşəbbüslərə qarşı çıxılmayıb. Bu Sərəncamla isə radikal müxalifətin əsası olmayan və reallıqdan uzaq fikirlərinə rəsmi şəkildə zərbə vuruldu və iflasa uğradıldı", – deyə Aydın Hüseynov bildirib.
Siyasi Şura üzvü vurğulayıb ki, Prezident İlham Əliyevin imzaladığı bu Sərəncamla bir daha isbat olundu ki, M.Ə.Rəsulzadə kimlərinsə istismar vasitəsi ola bilməz, əksinə xalqın mənəvi, böyük önəm verdiyi dəyərlərdən biridir: "Məlumdur ki, bu günə qədər Müsavat Partiyası, AXCP və digərləri Rəsulzadə faktorunu siyasi istismar alətinə çevirmişdilər. Onlar siyasi məqsədləri naminə daim bu amildən istifadə ediblər. Çox sevindiricidir ki, Rəsulzadənin yubileyilə bağlı Sərəncam onu radikal müxalifətin siyasi istismar alətinə çevirmək cəhdindən xilas edəcək".
Qeyd edək ki, 2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB