Çingiz Qənizadə: "Xanım Eştonun fikirləri tamamilə absurd səslənir"

Çingiz Qənizadə: "Xanım Eştonun fikirləri tamamilə absurd səslənir"

"Xanım Eşton Azərbaycan və Ermənistan prezidentlərinin növbəti dəfə görüşmək istəyini həqiqətən nikbinlik kimi dəyərləndirirsə, o zaman işğalçı dövlətə qarşı sərt mövqeyini bildirməlidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz qənizadə deyib.

Onun sözlərinə görə, bunlar işğalçı dövlətin başını sığallaya-sığallaya görüşlərin mahiyyətini başqa səmtə çəkərək əslində proseslərin uzadılmasına kömək edirlər: "Prezident İlham Əliyev haqlı olaraq bildirib ki, görüş xətrinə görüşlərdən əl çəkmək lazımdır. Ermənistanın qeyri-konstruktiv mövqeyi, növbəti görüşün təşkil olunmasına razılıq verməsi görüş xətrinə görüş görüntüsündən başqa heç nə deyil".

Millət vəkili onu da vurğuladı ki, xanım Eştonun fikirləri tamamilə absurd səslənir. Onun təmsil etdiyi dövlət, eyni zamanda ATƏT-in Minsk qrupunun digər üzvləri beynəlxalq hüquq normaları çərçivəsində addımlar atmalı, işğalçı dövlətə qarşı konkret fikirlərini bildirməlidirlər.

Qeyd edək ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton bugünlərdə bəyanatla çıxış edərək bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin yenidən görüşmək barədə razılığa gəlmələri nikbinlik yaradır.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə