"Yeni dəmir yolu Azərbaycan üçün siyasi cəhətdən dayaq nöqtəsidir" Münasibət

"Yeni dəmir yolu Azərbaycan üçün siyasi cəhətdən dayaq nöqtəsidir" Münasibət

"Müstəqillik qazandıqdan sonra Azərbaycanı ilk tanıyan dövlət məhz Türkiyə olub. Bununla yanaşı, bütün beynəlxalq təşkilatlara ölkəmizi müdafiə edən dövlət də məhz qardaş dövlət olub. Bir sözlə, bir çox layihələrimizin reallaşmasında Türkiyənin xüsusi rolu olub. Bu istər neftin, istər qazın ixracı, istərsə də dəmir yolu xəttinin inşasında özünü büruzə verir. Bakı-Tbilisi-Qars dəmiryolu xətti də iki dövlət arasında olan əlaqələri daha gücləndirəcək". Bu fikirləri SİA-ya açıqlamasında İqtisadi siyasət komitəsinin üzvü, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vahid Əhmədov layihənin Türkiyə Azərbaycan arasındakı əlaqələrə nə kimi müsbət təsir göstərəcəyi məsələsinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, gələn il üçün istifadəyə verilməsi nəzərdə tutulan dəmir yolu xətti Azərbaycanın xüsusi önəm verdiyi beynəlxalq layihələrdən biridir: "Bakı-Tbilisi-Qars dəmiryolu Azərbaycanın xüsusi önəm verdiyi beynəlxalq layihələrdən biridir. 2007-ci ilin noyabr 21-də icrasına başlanılan layihə nəhayət ki, gələn il üçün təhvil veriləcək. Azərbaycan üçün bu dəmiryolunun çəkilişi təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən vacibdir. Çünki ölkəmiz bu dəmiryolunun tikintisində donor dövlət rolunu oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyə bazarlarına yüklərin çıxarılması və həmin yüklərin digər dövlətlərə daşınması istiqamətində böyük işlər görəcək. Beləliklə, bu layihə Azərbaycan, Türkiyə, Gürcüstan iqtisadiyyatına müsbət təsir göstərəcək".

"Yeni xətt yalnız Azərbaycan, Türkiyə və Gürcüstanın dəmiryolu sistemlərini birləşdirməyəcək. Layihə, həmçinin Çin və Mərkəzi Asiyadan Avropaya yüklərin daşınmasına da imkan verəcək. Layihənin reallaşması Azərbaycan, Gürcüstan, Türkiyə hökumətlərinin diqqət mərkəzindədir. Bu hər üç ölkənin, eyni zamanda həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq. Layihə Türkiyə və Azərbaycan üçün siyasi cəhətdən dayaq nöqtəsidir. Çünki həmin dövlətlə maraqlarımız hər zaman üst-üstə düşür. Bu da Azərbaycanın müstəqilliyi üçün vacibdir" – deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə