Aydın Mirzəzadə: “Müxalifət özünün demokratikləşməsində maraqlı deyil” AÇIQLAMA
"Müxalifət 9 oktyabrda ölkəmizdə keçirilən prezident seçkilərindəki sarsıdıcı məğlubiyyətindən hələ də özünə gələ bilməyib. Müxalifətin böyük iddialarına, reklam kampaniyalarına baxmayaraq, onun radikal qanadının nümayəndəsi ümumilikdə 5 faizdən çox səs toplaya bilmədi. Hətta müxalifətin təşkil etdiyi aksiyalara gələnlərin sayı 1000 min nəfərdən çox olmurdu, eləcə də ziyalılar, tanınmış simalar onların sıralarına qoşulmğa maraq göstərmirdi. Seçkidən sonra onlar vəziyyəti öz xeyirlərinə dəyişməyə və kiçik qüvvələrini yenidən qruplaşdıraraq, cəmiyyətə özlərini elə təqdim etməyə çalışdılar. Bunların içərisində isə müəyyən yeni birliklərin yaranması və s. diqqəti cəlb edir. Ancaq bir məsələ var ki, onların bütün cəhdləri hər hansı bir uğura gətirib çıxarmayacaq. Çünki, bu gün cəmiyyətin müxalifətə, o cümlədən radikal müxalifətə böyük sosial sifarişi yoxdur". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə müxalifətin hələ də seçkilərin nəticələri ilə barışmayaraq özlərinə yeni birliklər yaratması məsələsinə münasibət bildirərkən deyib.
Parlament üzvünün sözlərinə görə, iqtidar öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirir: "Azərbaycan getdikcə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu böyükdür, həmçinin vətəndaşlar öz hüquq və azadlıqlarının təmin edildiyini, sosial vəziyyətinin yaxşılaşdığının fərqinə varırlar. Bu baxımdan cəmiyyətin müxalifəti dəstəkləməsi və onların sıralarının genişlənməsi qeyri-mümkün məsələdir. Onun azsaylı tərəfdarlarının isə bir təşkilatı formadan digər təşkilatı formaya keçməsi situasiyanı dəyişmir. Müxalifət özünün demokratikləşməsində maraqlı deyil, onların şüarları dəyişmir və cəmiyyətə baxışlarında heç bir yenilik yoxdur. Hətta liderlərinin özləri nəinki özlərinə, heç tərəfdarlarına belə nümunə ola bilmir. Bununla belə onların gəlirlərinin mənbəyi qaranlıq olaraq qalır. Eləcə də müxalifət vaxtaşırı öz verdikləri bəyanatın əleyhinə çıxırlar. Bütün bunlar müxalifətin uğursuzluğuna gətirib çıxarır. Hesab edirəm ki, "Demokratik konqres", "Azadlıq bloku", "Bizim Azərbaycan", "İctimai Palata" kimi "Milli Şura"nın da ömrü çox uzun sürməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB