Hikmət Babaoğlu: "Azərbaycan Konstitusiyası cəmiyyətin iradəsinə söykənib" MÜSAHİBƏ
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun SƏS TV- yə müsahibəsi
- İlk sualmızı ünvanlamazdan əvvəl istərdik ki, oxuculara Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi haqda məlumat verəsiniz.
- Bilirsiniz ki, müasir Azərbaycan Respublikasının Konstitusiyasının yaranması ölkəmizin tarixində baş verən ən mühüm hadisələrdən biridir. Nəzərinizə çatdırmaq istəyirəm ki, hüquqi dövlət anlayışı və hakimiyyət bölgüsü anlayışları, insan hüququ və azadlıqları anlayışları hüquqi termin kimi XX əsrin 50-ci illərindən sonra yaranmağa başlayıb. Bildiyiniz kimi bu dövrlərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan onun özünəməxsus müstəqil hüquqi siyasi sistemi mövcud deyildi. Nəhayət 1991-ci ildə biz SSRİ-nin tərkibindən çıxaraq dövlət müstəqilliyimizi elan etdik. Əlbəttə ki, müstəqillik əldə etmiş yeni bir dövlət üçün özünəməxsus konstitusiyanın mövcud olması şərt idi. Məhz buna görə də böyük dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının yaradılması ilə bağlı hüquqşünaslardan ibarət böyük komissiya yaratdı. Eyni zamanda konstitusiyanın qəbul olunması üçün referendum günü müəyyənləşdirdi. Ancaq bu prosesə qədər hal-hazırda mövcud olan Azərbaycan konstitusiyası 3 dəfə ictimai müzakirələrə təqdim olundu. Respublikamızın konstitusiyasının mövcud olması dövründə ictimai fikir ön plana çəkilib. Məhz bu səbəbdən də respublikamızın konstitusiyası cəmiyyətin iradəsinə söykənib. Əks təqdirdə normal ölkədə normal vətəndaş cəmiyyətini yaratmaq mümkünsüz olardı.
- Azərbaycanda normal və sağlam vətəndaş cəmiyyətinin formalaşması prosesini necə qiymətləndirirsiniz?
- Mən deyərdim ki, ölkədə normal və sağlam vətəndaş cəmiyyətinin yaranması böyük dövlət xadimi Heydər Əliyevlə bağlıdır. Siz də az öncə qeyd etdiyiniz kimi müzakirələrdən sonra 1995-ci ildə müstəqil Azərbaycanın yeni konstitusiyası qəbul edildi. Daha doğrusu bunu yeni yox, ölkəmizin ilk konstitusiyası olaraq qəbul etmək lazımdır. Azərbaycanın 1995-ci ildə qəbul edilən konstitusiyasından çıxarılan əsas məsələlərdən biri insan hüquq və azadlıqları mövzusu idi. Bildiyiniz kimi, konstitusiyamızın 24-cü maddəsində qeyd olunur ki, hər bir insan doğulduğu gündən toxunulmaz, ayrılmaz və pozulmaz hüquqa sahibdir. Bu da Azərbaycan vətəndaşlarının özünü mövcud siyasi sistem içərisində sərbəst hiss etməsinə şərait yaradan mühüm maddələrdən biridir. Bundan başqa Konstitusiyanın 2-ci bölümünün 3-cü fəsli tamamilə insan hüquq və azadlıqlarından bəhs edir. Burada Azərbaycan vətəndaşları ilə yanaşı ölkəmizdə yaşayan digər insanların da hüquqları öz əksini tapır. Bu da Azərbaycanda yaşayan lakin sözügedən ölkənin vətəndaşı olmayan insanların hüquqlarının təmin olunmasına şərait yaradır. Azərbaycan Respublikasının Konstitusiyasında söz, vicdan və mətbuat azadlığı da öz əksini tapıb. Orada mövcud olan 47-ci maddədə söz və mətbuat azadlığından bəhs edilir. Sözügedən maddəyə görə, hər bir insanın sərbəst şəkildə düşünmək, özünü ifadə etmək, toplaşmaq azadlığı vardır. Mən düşünürəm ki, əgər bir dövlətdə vətəndaş cəmiyyəti mövcuddursa deməli, bu onun hüquqi bir dövlət olmasının isbatıdır. Qeyd etdiyimiz hər iki amil bugünkü Azərbaycan Respublikasında mövcuddur. Azərbaycan Konstitusiyasının üçdə biri demək olar ki, insan hüquq və azadlıqlarından bəhs edir və məhz buna görə də hər bir şəxs ölkə ərazisində öz hüquqlarından mükəmməl şəkildə istifadə edə bilir. Mən düşünürəm ki, Konstitusiyada insan hüquqlarına dair maddələrin mövcud olması ilə yanaşı eyni zamanda hər bir şəxs nəzəri şəkildə öz hüquq və vəzifələri barədə məlumatlı olmalıdır. Əks təqdirdə yetkin vətəndaş cəmiyyətindən danışmaq mümkünsüzdür. Məhz bu kimi problemlərlə qarşılaşmamaq üçün ötən illər ərzində Azərbaycanda hüquqi maarifləndirmə sahəsinə xüsusi diqqət yetirilib. Ulu Öndər Heydər Əliyev bu barədə olduqca dəyərli fikir səsləndirib. O bildirib ki: "Öz hüquqlarını bilib və onu qorumağı bacaran vətəndaşları olan ən kiçik ölkə ən böyük məmləkət qədər güclüdür".
- Hikmət müəllim, sizcə, Konstitusiya Günü sadə azərbaycanlılar üçün nə deməkdir?
- Ünvanladığınız sual olduqca maraqlıdır. Mən düşünürəm ki, hər bir sıravi vətəndaşın özü hüquqdur. Hər il Konstitusiya gününün bayram günü kimi qeyd olunması vətəndaşlara konstitusiyalı bir dövlətdə yaşadıqlarını xatırladır. Onları öz hüquqlarını mükəmməl şəkildə bilməyə və mənimsəməyə çağırır. Məhz buna görə də mən Konstitusiya Gününü ən zəruri bayramlardan hesab edirəm. Bu bayram vətəndaşlara bu gününün özəlliyini xatırlatmaqla yanaşı eyni zamanda onları maarifləndirir. Hər bir Azərbaycan vətəndaşı vaxtilə özünün referendum vasitəsi ilə qəbul etdiyi konstitusiyanı vərəqləyərək nəzərdən keçirməlidir. Bu gün prezidentimiz korrupsiyaya qarşı mübarizə aparır və dəstək istəyir. Bu hadisənin özü Azərbaycanda hüquqi dövləti mükəmməlləşdirməyə edilən çağırışlardır. Korrupsiyanın mövcudluğu ictimai bəladır. Mən düşünürəm ki, vətəndaş nə qədər öz hüquqlarını bilib onu yüksək şəkildə mənimsəyərsə, biz bəzi ictimai bəlalardan bir o qədər tez xilas olarıq. Mən onu da nəzərinizə çatdırmaq istərdim ki, hüquqi dövlət anlayışının özü də daima təkmilləşən bir sistemdir. Yəni burada son hədd yoxdur. Cəmiyyətdə söz azadlığının mövcudluğu yeni ideyaların yaranmasına təkan verir. Beləliklə, bütün cəmiyyətlərə məxsus olan fikir istehsalı prosesi yaranır. İnsan hər dəfə yeni informasiya qəbul etdikcə, cəmiyyətdə yeni ideyalar formalaşır. Mən deyərdim ki, bu ideyalar eyni zaman da özündə yeni keyfiyyətlər yaradır. Bu fikir istehsalı nə qədər pozitiv və intellektual olarsa, deməli cəmiyyət də bir o qədər də inkişaf etmiş olar. Biz fikir kimi səsləndiririk ki, Azərbaycan vətəndaşlarının informasiya almaq hüququ var. Lakin biz düşünməliyik ki, bu informasiya internet bazarında mövcud olan pulsuz informasiya ilə eynilik təşkil etmir. Zəruri olan informasiyanın qiymətli və keyfiyyətli olmasıdır. Mənim zənnimcə, elm informasiyanın ən ali formasıdır. Hər bir Azərbaycan vətəndaşı elmdən düzgün istifadə edərək bundan ölkəmizin rifahı üçün tətbiq etməlidir. Eyni zamanda biz hüquqlarımızı bilə-bilə onun dövlət əleyhinə çevrilməsinə yol verməməliyik. Bu kimi hallar, yəni dövlət əleyhinə çevrilmiş fikirlər təəssüflər olsun ki. cəmiyyətimizdə mövcud olan "müxalifətə" xasdır.
Cahid SÜLEYMANOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB