Nazir: “Dünya hələ də fundamental beynəlxalq hüquq norma və prinsiplərinin pozulması ilə üz-üzədir”
Azərbaycan qədim mədəniyyətə malik gənc demokratik ölkədir. İyirmi il bundan öncə öz müstəqilliyini bərpa etməsindən etibarən Azərbaycan dini, etnik mənşəyi və irqindən asılı olmayaraq hamının bərabər və tam şəkildə insan hüquqlarından və fundamental azadlıqlarından yararlana biləcəyi azad, demokratik və dünyəvi cəmiyyət yaradıb. SİA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyada keçirilən 6-cı Demokratiya Forumunda çıxışında deyib.
Nazir bildirib ki, bu məqsədlə, Azərbaycan ölkə daxilində insan hüquqlarının müdafiəsi mexanizminin inkişafı və demokratik islahatların təşviqi üçün qitə boyunca insan hüquqlarının əsas nəzarətçisi olan Avropa Şurası, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə sıx əməkdaşlığı davam etdirir: "2014-cü ilin may ayında Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürəcək və sədrliyi müddətində yerli, o cümlədən digər qitələri təmsil edən təşkilatlar ilə əməkdaşlığı təşviq edəcək. Bu baxımdan Avropa Şurası və Bali Forumunun icraçısı olan Sülh və Demokratiya İnstitutu arasında dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi kimi maraqların kəsişəcəyi sahələrdə səylərin səmərəliliyinin artırılması və birgə fəaliyyət üçün imkan vardır. Azərbaycan hər zaman müxtəlif etnik qrupların və dinlərin sülh şəraitində mövcud olduğu tolerant bir ölkə olub. Şərq və Qərb arasında körpü və Sivilizasiyalar İttifaqının Dostluq Qrupunun fəal üzvü kimi, Azərbaycan xarici siyasətinin ən əsas prioritetlərindən biri olan dinlər və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə öz töhfəsini verməkdədir. Müntəzəm olaraq paytaxtımızda təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Humanitar Forumu dünyanın bu gün üzləşdiyi qlobal problemlərin müzakirə edilməsi üçün bütün qitələrdən olan nümayəndələri bir araya toplayır. Prezident İlham Əliyevin inauqurasiya nitqi zamanı qeyd etdiyi kimi, tolerantlığın və çoxmədəniyyətliliyin inkişaf etdirilməsi Azərbaycan üçün həyat tərzi və prioritet siyasətdir".
E.Məmmədyarov əlavə edib ki, Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün ölkənin davamlı inkişafa və iqtisadi qüdrətə ehtiyacı var: "Azərbaycan dünyanın ən islahatçı ölkələrindən biri kimi tanınır. Son on ildə Azərbaycanın iqtisadiyyatı 3,4 dəfə artıb. Azərbaycan BMT çərçivəsində razılaşdırılmış inkişaf məqsədlərinin və hədəflərinin həyata keçirilməsinə töhfə verməyə əzmlidir. On il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi təxminən 10 dəfə - 49%-dən 5,5 %-dək azaldılıb. İşsizlik səviyyəsi təqribən 5 %-dir. Azərbaycan Afrika, Asiya və Latın Amerikasının ən az inkişaf etmiş ölkələrinin əsas ehtiyaclarını qarşılamaq və çətinliklərinin aradan qaldırılmasına xüsusi diqqət yetirərək, yoxsulluğun aradan qaldırılması, hər kəs üçün davamlı inkişaf və qlobal çiçəklənmənin təmin edilməsi məqsədilə tam dəstək və fasiləsiz səylər göstərməkdədir. Bu mənim ölkəmin tarixində tamamilə yeni bir səhifədir. Bu nəcib məqsədləri yerinə yetirmək üçün təsis edilmiş Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi 20-dən artıq ölkədə müxtəlif yardım proqramlarını həyata keçirib. Bundan əlavə, Heydər Əliyev Fondu da öz növbəsində müxtəlif humanitar və sosial proqramlar reallaşdırıb. Bu istiqamətdə Azərbaycan səylərini davam etdirməkdə israrlıdır".
Nazir vurğulayıb ki, 2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan öz fəaliyyətini tamamilə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına həsr edərək, hesab edir ki, BMT Təhlükəsizlik Şurası müasir dünyanın üzləşdiyi bütün təhdid və problemləri effektiv şəkildə cavablandırmaq üçün daha əhatəli, şəffaf və səmərəli orqan olmalıdır: "2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında, sədrliyimiz zamanı terrorizmə qarşı beynəlxalq əməkdaşlıq, eləcə də münaqişələrin sülh yolu ilə həllində BMT və regional təşkilatlar arasında əməkdaşlığın təşviqi prioritetlərimiz sırasında olub. Bu məqsədlə, Azərbaycanın sədrliyi tərəfindən beynəlxalq səylərin optimallaşdırılması məqsədilə iki yüksək səviyyəli görüş təşkil olunub".
E.Məmməduarov vurğulayıb ki, dünya hələ də fundamental beynəlxalq hüquq norma və prinsiplərinin pozulması ilə üz-üzədir. Bu gün, bir milyon Azərbaycan vətəndaşının yaşayış yerlərindən məcburi çıxarılması ilə nəticələnən beynəlxalq səviyyədə tanınmış ərazilərimiz olan Dağlıq Qarabağ və 7 ətraf rayonun Ermənistan tərəfindən işğalı Azərbaycanda insan hüquqlarının qorunması üçün əsas problem olmaqla yanaşı, vətəndaşlarımızın təhsil, səhiyyə və maddi rifahına ciddi ziyan vurmaqda davam edir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmanı təsdiqləyərək, bütün işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə hələ də əməl olunmur. Bu xüsusda, münaqişənin danışıqlar yolu ilə həllini asanlaşdırmaq məqsədilə beynəlxalq ictimaiyyətin BMT TŞ-nın dörd qətnaməsinin yerinə yetirilməsinin tələb edilməsi çox vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB