Vaşinqtondakı Hudzon İnstitutunda "Şərqi Aralıq dənizi hövzəsində qüvvələr nisbətinin dəyişməsi: İsrail, Yunanıstan və Kipr arasında strateji münasibətlərin yaranması" mövzusunda konfrans keçirilib.
Tədbirdə bəzi ölkələrin diplomatik missiyalarını təmsil edən səfirlər və diplomatlar, eləcə də ABŞ Konqresinin qanunvericiləri, region və enerji təhlükəsizliyi üzrə ekspertlər iştirak ediblər.
Konfransda çıxış edən siyasi icmalçılar arasında "APCO Worldwide" təşkilatının qlobal proqramlar direktoru C.Uoker və Vudro Vilson Elmi-Tədqiqat Mərkəzi nəzdində Avropa enerji təhlükəsizliyi təşəbbüsü üzrə proqram məsələləri müşaviri Aleksandros Pitersen də olublar.
Geniş auditoriya qarşısında çıxış edən doktor C.Uoker nəzərdə tutulan layihələrdən və Aralıq dənizi regionu dövlətləri arasında mövcud problemlərdən danışıb. O, Azərbaycanın yalnız Xəzərdən enerji resurslarını ixrac edən ölkə kimi deyil, həm də Aralıq dənizində həyata keçirilən layihələrdə sərmayəçi kimi və anlaşılmazlıqların həllində vasitəçi rolunda əhəmiyyətini qeyd edib.
C.Uoker deyib ki, indiyədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyədə və Gürcüstanda ən iri sərmayəçidir.
Regiondakı qaz kəmərləri haqqında məruzə ilə çıxış edən Aleksandros Pitersen layihələrin reallaşdırılmasında vacib oyunçu kimi Aralıq dənizindən şərqdə yerləşən Azərbaycanın əhəmiyyətini vurğulayıb. Transanadolu və Transadriatik qaz kəmərləri barəsində danışan ekspert bildirib ki, ARDNŞ layihələrdə iştirak edən ölkələrin iqtisadiyyatına bilavasitə fayda gətirir. Türkiyədə və Gürcüstanda böyük sərmayələrdən başqa, ARDNŞ həm də Yunanıstanın iqtisadiyyatında ən böyük sərmayəçi olub.
DESFA qaz təchizat sistemi operatorunun kontrol hissəsini əldə etməsi və Transadriatik layihəsinin reallaşdırılması nəticəsində ARDNŞ beş min daimi iş yeri və 15 min əlavə iş yeri yaradacaq. Bütün bunlardan əlavə, ARDNŞ həm də Aralıq dənizində layihələrə sərmayə qoyur.
A.Pitersen vurğulayıb ki, Azərbaycan artıq özünü beynəlxalq layihələrdə qətiyyətli sərmayədar kimi təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB