“Ermənistan heç federasiya subyekti statusunda da deyil” MÜSAHİBƏ
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun Səs TV-yə müsahibəsi:
- Hikmət müəllim, Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edilib. Sənəddə ilk dəfə olaraq işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması tələb edilib. Beynəlxalq təşkilatlar bu cür qətnamələr qəbul etsələr də Serj Sarkisyan rejmi hələ də bunu həll etməyib. Nə vaxta qədər bu proses davam edəcək?
- Beynəlxalq münasibətlər sisteminin özünəməxsus keyfiyyəti, qarşılıqlı təsir mexanizmi var. Bunlar milli dövlətlər arasında hüquqi, siyasi və iqtisadi platformada reallaşır. Məsələ ondadır ki, formal olaraq Ermənistan Respublikası beynəlxalq hüququn subyekti olsa da, bu münasibətlərin iştirakçısı deyil. Çünki, milli dövlət deyil. Ermənistan yarandığı tarixdən bu günə qədər yarım siyasi hərbi baza rolu oynayır. Bu dövləti yaradan şimal qonşumuzun siyasətçilərinin dili ilə desək, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı for-postudur. Ona görə də Avropa təşkilatlarından, dünya ölkələrindən milli-siyasi iradəyə söykənən birbaşa dialoq qura bilmədiyi və müstəqil siyasət həyata keçirə bilmədiyi üçün onunla davranış qaydalarını müəyyənləşdirmək çətindir. Onlar sadəcə Şimaldan diktə olunan qərarları hərbi baza kimi icra edir. Federasiya subyektləri daha səlahiyyətli və müstəqildirlər, nəinki Ermənistan. Çünki Ermənistan heç federasiyanın subyekti statusunda da deyil. Ermənistanı idarə edənlər isə bildiyimiz kimi Rusiya tərəfindən müəyyənləşdirilən siyasiləşmiş hərbi komandirlərdir. Ona görə də hansı beynəlxalq təşkilat nə qərar qəbul edirsə etsin bu, Ermənistan üçün təsirsizdir. Onun real mexanizmi qurula bilmir. Çünki, bu yarım hərbi siyasi təşkilatdır və o başqa ölkə tərəfindən idarə olunur.
- Rusiyada son zamanlar baş verən hadisələr iki ölkə arasında münasibətlərə nə kimi xələl gətirə bilər?
- Son bir ildən artıqdır ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə bir qədər proqnozlaşdırılması müəyyən çətinlik yaradan hadisələr baş verir. Rusiya böyük ölkədir və burada erməni lobbisinin və anti-Azərbaycan mərkəzlərinin böyük qruplaşmaları mövcuddur. Onlar Rusiya-Azərbaycan münasibətlərinin yaxşı olmasını heç arzulamırlar. Ciddi cəhdlə oradakı erməni lobbiləri Rusiya-Azərbaycan əlaqələrində problemlər yaratmağa çalışırlar. Çox təəssüf ki, bəzi hallarda Rusiyada olan ayrı-ayrı şovinizmi dəstəkləyən mərkəzlər tərəfindən erməni lobbisi dəstəklənir. Konkret olaraq Orxan Zeynalov məsələsi əlbəttə ki, iki dövlət arasında münasibətlərə heç bir təsir göstərməyəcək. Bu barədə Rusiya rəsmilərinin mövqeləri bəllidir. Rusiya prezidenti də sözügedən hadisəyə münasibət bildirdi. Miqrant problemi Rusiyanın ən köklü problemlərindən biridir. Mən hesab edirəm ki, uzun müddət Rusiya bu problemdən xilas ola bilməyəcək. Çünki, Rusiya iqtisadiyyatını ayaqda tutmaq üçün önümüzdəki 10 illiklərdə bu ölkəyə bir neçə milyonluq miqrant tələb olunur. Əks təqdirdə Rusiya iqtisadiyyatı çökəcək. Rusiyada əhali artımı yoxdur. Belə olan zaman da işçi qüvvəsi kimi miqrantlara ehtiyac duyulur. Mən düşünmürəm ki, Rusiyanın qarşısına qoyduğu vəzifə miqrantlardan xilas olma deyil. Rusiyaya rus dilini, beynəlxalq hüququ, öz hüququnu bilən, mədəni səviyyəsi yüksək olan miqrantların olmasına ehtiyac var. Bu da Rusiya siyasətinin əsas məsələlərindən biridir. Bildiyiniz kimi Rusiyada əhali sürətlə qocalır, artım yoxdur. Belə desək hər il Rusiyadan 1 milyon insan azalır. Ancaq buna baxmayaraq, Rusiya siyasətinin əsas məqsədi iqtisadiyyatı yüksəltmək, dünya iqtisadiyyatına inteqrasiya etmək, təbii resurslardan səmərəli istifadə etməkdən ibarətdir. Rusiyaya mütləq miqrantlar lazım olacaqdır. Ona görə də bu məsələdə Rusiya ilə Azərbaycan əlaqəsini korlamağa heç kim nail ola bilməyəcək. Çünki Rusiyanın arzuladığı keyfiyyətə görə, Azərbaycan potensial miqrant ixrac edən ölkələrdən biridir. Bu hadisələrin səbəbkarları isə tez-gec ortaya çıxacaq. Rusiyanın problemləri bununla bitmir. Bu yaxınlarda Volqoqrad şəhərində terror hadisəsi baş verdi. Heç bir halda Rusiyada etnik zəmində hansısa məsələnin, hətta terrorun belə etnik zəmində ictimaiyyətə təqdim olunması Rusiya mərkəzi hakimiyyətin maraqlarına cavab vermir. Çünki, Rusiya çox zəngin daxili və milli etnik struktura malikdir. Rusiya ictimaiyyəti yaxşı bilir ki, Orxan Zeynalov və Yeqor Şerbakov tamaşası konkret müəlliflər tərəfindən quraşdırılaraq Rusiya səhnəsinə qoyulub və bu ifşa olundu. Hesab edirəm ki, artıq bu məsələ iflasa uğradığı üçün gündəlikdən çıxarılmalıdır. Artıq Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik korpusun nümayəndələri ilə Orxan Zeynalov arasında görüş təşkil edilib və diplomatik, hüquqi yardım alacaqdır. Bu gün hələ Orxan Zeynalovun bu cinayəti törətməsi isbat olunmayıb. Əminik ki, sonda da belə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB