YAP-dan Avropa Parlamentinin mövqeyinə rəsmi cavab

Mübariz Qurbanlı: "Hesab edirəm ki, burada ikili standartın təzahürü var”
YAP-dan Avropa Parlamentinin mövqeyinə rəsmi cavab

"Hesab edirəm ki, burada ikili standartın təzahürü var". SİA-nın verdiyi məlumata görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı publika.az-a açıqlamasında Avropa Parlamentinin Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qəbul etdiyi qətnamədə seçkinin ATƏT standarltarına uyğun gəlməməsi haqqındakı mövqeyə münasibət bildirərkən deyib.

M.Qurbanlı qeyd edib ki, Avropa Parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyib, rəsmi açıqlamalar veriblər: "Lakin sonradan hansısa qurumun yaydığı sənədə istinad edirlər. Bu təşkilatın yaydığı sənədlər deklorativ xarakter daşıyır. Avropa Parlamenti təşkilat olaraq öz nümayəndələri ilə seçki prosesini rəsmi qaydada izləməyib. Bizim Avropa Parlamenti qarşısında hansısa öhdəliyimiz olmadığına görə, bu təşkilatın yaydığı fikirlər həmin təşkilatın elə özünə aid olur. Hesab edirəm ki, burada ikili standartlar var".

YAP rəsmisi bildirib ki, belə təşkilatlarda bu cür ikili yanaşmaları çox görüblər. M.Qurbanlı hesab edir ki, burda kiminsə hansısa maraqları var. "Avropa Parlamenti hər gün 100-lərlə belə bəyanat və açıqlamalar yayır. Niyə ikili standartlarla fəaliyyət göstərdiklərini özləri açıqlamalıdır"-deyə YAP rəsmisi diqqətə çatdırıb. M.Qurbanlı onu da qeyd edib ki, Azərbaycan Avropa Parlamentinin üzvü deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə