Milli QHT Forumu Rusiyada baş verən olaylarla bağlı bəyanat yayıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bəyanatda bildirilir ki, Azərbaycan Milli QHT Forumu Moskva sakini Yeqor Şerbakovun qətlə yetirilməsindən təəssüf hissi keçirir : "İnanırıq ki, Rusiya Federasiyası hüquq-mühafizə orqanları qətlin kim tərəfindən törədildiyini obyektiv olaraq araşdıracaq və qatil öz layiqli cəzasını alacaq.
Bu hadisə ilə bağlı Moskvada yaşayan Azərbaycan vətəndaşı Orxan Zeynalovun təqsirli bilinərək həbs olunması ilə bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun Moskvada Yeqor Şerbakovun qətli ilə bağlı verdiyi bəyanatı dəstəkləyirik".
Milli QHT Forumu həmçinin bəyan edir ki, dünyada hər gün şəxsi zəmində bu cür cinayət hadisələri baş verir və bunu ayrı-ayrı millətlərə qarşı çevirmək, hər hansısa bir millətə qarşı ayrı-seçkilik yaratmaq, günahı sübut olunmadan bir insanı təhqir etmək yolverilməz haldır. Rusiya hüquq-mühafizə orqanlarının və skinxedlərin azərbaycanlılara qarşı milli ayrı-seçkilik niyyəti ilə etdiyi vəhşilik qətiyyətlə pislənməlidir. Cinayətkarın milliyəti olmur. Milliyyətindən asılı olmayaraq hər hansı bir şəxs cinayət törətməkdə şübhəli bilinirsə, həmin şəxsin cinayəti qanunun tələblərinə uyğun olaraq sübuta yetirilməlidir və cəzasını lazımi şəkildə çəkməlidir. Bir şəxsə görə bütün insanların cəzalandırılması heç bir normalara uyğun deyil.
Milli QHT Forumu hesab edir ki, Rusiya Federasiyasında baş verən son olaylar siyasi xarakter daşıyır və bu ölkələrimiz arasında münasibətləri pozmaq cəhdi kimi qiymətləndirilə bilər. Bu situasiyada Rusiya Federasiya rəhbərliyini beynəlxalq hüquq normalarına hörmət etməyə və Rusiyada yaşayan həmvətənlərimizi təmkinli olmağa, hər hansısa bir təxribat xarakterli məsələlərə qoşulmamağa çağırırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB