Qurban bayramına bir gün qaldı REPORTAJ-FOTOLAR

Qurban bayramı və ya Dini qurban kəsmə bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən kasıblara pay göndərilir. Burada hamıya bərabər pay verilir və qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə, bu gün mərasimlərə dəvət olunurlar.

Qurban sözü – "ərəbcə" yaxınlıq mənasını ifadə edir. Yəni, bu, Allaha yaxınlaşmaq mənasında tərcümə olunur.

İçəri şəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli Müsəlmanların müqəddəs bayramı olan Qurbanlığın faydaları haqqında danışarkən deyib ki, Qurbanlıq heyvanın erkək və ya dişi olmasının əslində, İslamda heç bir nöqsanı yoxdur:

"Əgər heyvanların kəsimində əsas şərt onun qibləsidirsə və əti Allah tərəfindən halal olunan heyvanlardırsa, bunun heç bir haramçılığı, günahı, cinayəti yoxdur. Dişi heyvanların Qurbanlıq bayramında (10 minlərlə) kəsilməsi ona görə tövsiyyə olunmur ki, onların artımı azala bilər. Digər tərəfdən isə erkək heyvanların olması, xüsusi önəm kəsb edir. Səbəb isə əgər biz sağlam heyvandan (qoyunun) söhbət ediriksə, şəriət qaydalarına uyğun olaraq Qoç qurbanının kəsilməsi daha məqsədəuyğundur. Qurbanlıq heyvanlar ilk növbədə, sağlam olmalıdır. Həmin heyvanların bədən üzvləri, əzələləri naqis, zəif, taqətsiz olmamalıdır. Hətta Azərbaycan ənənəsində də var ki, bir insan Qurbanı (qoyun, inək, dəvə) bütün yemi, qidası, sağlamlığı ilə bir il ərzində hazırlayırlar. Əgər Qurbanlıq kəsilirsə, onun qulağı, dişi, gözü, arıq olmaması İslam dinində xüsusi əhəmiyyət daşıyır. Bu heyvanlar Allaha xatir kəsilməlidir. Allah bizlərdən naqis əməl istəmir, əksinə kamil əməl istəyir".

"Təbii ki, Qurbanlıqlar kəsilərkən, şəriət qaydalarına uyğun olaraq niyyət tutulur. Belə ki, burada bir və ya bir neçə insanın payı təşviq olunur. Yəni, əgər qoyun heyvanı kökdürsə, bu, üç və üçdən (7-yə qədər) artıq pay hesab olunmalıdır. Bir pay insanın öz ailəsinə aiddir, digəri bacıya, qardaşa, yaxınlara və nəhayət üçüncü pay qonşulara aiddir. Hətta hədislərə nəzər salarkən, İmam Əli Əlehsalam Qurban bayramında hər dəfə sevinər və gülərdi. Deyərdilər ki, Ya Əli biz səni il uzunu heç bir zaman sevinən və gülən görməmişdik. İmam Əli (ə.s) isə buyururdu ki, artıq bütün ehtiyacı olan insanların, acların evində Qurbanlıq əti var və onlar da ət yeyə bilirlər. İmam Əli (ə.s) məhz buna görə sevinc yaşayırdı. Bu gün maddi imkanı yaxşı olan insanlar nə qədər çox Qurbanlıq kəsərlərsə, bir o qədər də savab qazanarlar. Hətta Həzrət Peyğəmbər (s.ə.s) Rəsulullah hər zaman iki Qurban kəsərdi. Həzrət buyub ki, bir Qurban ailəsi üçün, digəri isə ehtiyacı olan insanlar üçündür. Dinimizin bizə təşviq, tövsiyyə etdiyi nələr varsa, onların hər biri insanların mənfəəti, sağlamlığı və gələcək həyat rifahının yaxşılaşması üçündür. Yəni din insanları ədalətə, bərabərliyə, birliyə dəvət edir. Qurbanlıq dünya müsəlmanlarının möhtəşəm bayramıdır. Bu baxımdan hesab edirəm ki, ətlərin bölgüsü düzgün aparılmalıdır. Xüsusilə, ehtiyacı olanlara böyük diqqət yetirilməlidir. Allah yanında təqva əhli olan şəxslər hörmətlidir. Yəni, onlar Allahdan mənəvi cəhətdən qorxurlar"- deyə, o bildirib.

Hacı Surxay insanların gur olduğu yerlərdə Qurbanlıq heyvanların kəsilib qanlarının küçələrə axıdılmasına da münasibət bildirərək deyib ki, bir neçə il bundan öncə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazilər şurasının fətvasına əsas olaraq, sanitar-gigiyena baxımından heyvanların insanların toplum olduğu yerlərdə kəsilməsini düzgün hesab etməyib və buna da icazə verilməyib: "Hesab edirəm ki, bu, yolverilməz bir hal kimi təqdim olunmalıdır. Həmin Qurbanlıq heyvanların şəhərdən kənarda kəsilməsi daha məqsədəuyğundur. Hətta bu, Allah tərəfindən gizli əməl kimi də qiymətləndirilir".

Qeyd edək ki, kənd təsərrüfatı naziri İsmət Abasovun müvafiq əmrinə əsasən paytaxt Bakı şəhərində və onun ətraf ərazilərində Müsəlmanların Müqəddəs Qurban bayramı münasibətilə İqtisadi İnkişaf Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Bakı şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının birgə hazırladığı tədbirlər planı əsasında diri Qurbanlıq heyvanların satışı təşkil edilib. Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev bildirib ki, diri Qurbanlıq heyvanların təşkili ilə əlaqədar olaraq Bakı şəhər Baytarlıq İdarəsinin də öhdəsinə düşən normativlər var:

"Belə ki, həmin heyvanların satışının təşkil edilməsi, onun saxlanılması, eləcə də zoobaytar tədbirlərində müayinələrdən keçirilməsi qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək. Artıq 26 baytar-sanitar ekspertiza laboratoriyası bu işə cəlb olunub. Bununla belə, mərkəzi laboratoriya və onu müşahidə edən səyyar baytarlıq ekspertiziya laboratoriya avtomobili də fəaliyyət göstərəcək. Əsas məqsədimiz odur ki, Bakı şəhərinə gətirilən Qurbanlıq məqsədilə satılan heyvanların hamısı sağlam olmalıdır. Onlarda hər hansı infesksion xəstəlik şübhə doğurarsa, dərhal həmin heyvanlar həkimlər tərəfindən təcrid ediləcək".

Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışını təşkil ediblər. Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaq:

Qaradağ rayonu - Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yanı; Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı; Səbail rayonu, Bibiheybət yolu, "Azpetrol" yanacaq doldurma məntəqəsinin yanı; 20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasındakı boş sahə; Yasamal rayonu, Şərifzadə küçəsi, 196, "İdeal" şadlıq sarayının həyəti; Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsi; Rəsulzadə qəsəbəsi, Binəqədi şosesinin sağ tərəfi, "Baksol" yolu ilə kəsişmənin yanı; Biləcəri qəsəbəsi, T.Yaqubov 12 A, (Bələdiyyənin qarajı); Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 78, Qəsəbə mərkəzi;

Nərimanov rayonu - Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı;

Nizami rayonu - R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi, "Milord" restoranının yanı;

Xətai rayonu - Nobel prospekti, "Nargilə" kafesinin yanı; Gəncə prospekti, "Fərid" şadlıq evinin qarşısı;

Sabunçu rayonu - Bakıxanov qəsəbəsi, dəmiryolu stansiyasının arxa hissəsi; Zabrat-Kürdəxanı yolu, Zabrat dairəsi;

Suraxanı rayonu - Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı; Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, "Bakı Toxuculuq" ASC-nin yanı; Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, "Neftçi" stadionunun yanı; Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 114 saylı yaşayış evinin yanı; Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı;

Xəzər rayonu - Binə qəsəbəsi, Əliağa Vahid küçəsi 6, Sovxoz yolu; Qala qəsəbəsi, Dəmiryolçular küçəsi, Qala dəmiryolu stansiyasının yanı; Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, Mərdəkan qəsəbəsinin girişi, "Bank of Baku"nun qarşısı.

9 saylı Baytar Sanitar ekspertiziya laboratoriyasının müdiri Almaz Bağırova deyib ki, Qurbanlıq heyvanlar ilk öncə, kliniki baxış və müayinədən keçirilir:

"Daha sonra onlar termometriya edilir. Əgər onların temperaturu normadadırsa, göz nahiyələri və ağız yaralarına baxılaraq müayinə edilir. Bununla belə, heyvanın ümumi görünüşünə diqqət yetirilir. Əgər onun ümumi görünüşü yaxşıdırsa, satışa icazə verilir. Daha sonra biz satıcılardan satışa icazə üçün forma-1 tələb edirik. Biz bütün heyvanları kliniki baxışdan keçirdikdən sonra satıcılara sağlamlıq arayışını təqdim edirik".

Satıcı İlqar Əliyev bildirib ki, gün ərzində 30-50 nəfər alıcı gəlib, diri Qurbanlıq heyvanlar alırlar:

"Düşünürəm ki, sabahdan etibarən yəni oktyabrın 15-16-dan, alıcıların sayı daha çox olacaq. Qiymətlər bazar qiymətinə uyğun tənzimlənib. Diri heyvanın qiyməti 130 manatdan başlayaraq, 250 manat (heyvanın çəkisinə uyğun olaraq) arasında dəyişir. Qurbanlıq qoyunların hər birini özümüz bəsləmişik. Heyvanlar Ağcabədi və Beyləqan rayonlardan gətirilib. Sabahdan etibarən isə bu heyvanların kəsimi müəyyən olunmuş yerlərdə aparılacaq".

Paytaxt sakinləri də Qurbanlıq heyvanların qiymətindən razılıqlarını bildirdilər:

Şəhər sakini Bəhruz Seyidov: "Mən hər il Qurbanlıq bayramında diri heyvan alıram. 245 manata aldığım Qurbanlıq qoyunun qiymətindən çox razıyam. İlk növbədə, diri Qurbanlıq heyvan alarkən onun görünüşünə və sağlam olub-olmamasına diqqət yetirirəm. Allah hər kəsin kəsilən Qurbanlarını qəbul etsin".

Şəhər sakini Aidə Seyidova: "İlk olaraq, Müsəlmaların Müqəddəs Qurnban bayramı münasibətilə hər kəsin bayramını təbrik edirəm. Məncə, diri heyvan alarkən əvvəlcə onun gözəlliyinə fikir vermək lazımdır. Çünki, bu heyvan Allah üçün kəsilir. Daha sonra bu heyvanın orta çəkidə olması da əsas amillərdən biri sayılır. Ən birinci şərt isə onun sağlam olmasıdır. Qiymətlərə gəlincə isə, mən Qurbanlıq diri heyvanı çox münasib qiymətə aldım".

Bütün xəbərlər Facebook səhifəmizdə