Azərbaycanda 9 oktyabrda keçirilən prezident seçkilərinin azad və demokratik şəraitdə keçirilməsi, bir daha ölkəmizin hüquqi və demokratik dövlət quruculuğuna sədaqətli olduğunu nümayiş etdirdi. Seçki ərəfəsində və seçkilər elan olunduqdan sonra, ölkədəki ictimai-siyasi mühit, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı yüksək səviyyədə təmin olunub. Oktyabrın 9-da ölkəmizdə keçirilən prezident seçkilərində iştirak edən prezidentliyə namizədlər öz təəssüratlarını SİA ilə bölüşüblər:

ASDP-nın sədri, prezidentliyə namizəd Araz Əlizadə:
"Azərbaycanda prezident seçkiləri tam şəffaf, ədalətli, demokratik prinsiplər əsasında həyata keçirildi. Seçicilər seçkilərdə fəal iştirak edərək öz sevdiyi, seçdiyi, inandığı namizədinə səs verdi. Seçicilər üçün burada hər cür rahat şərait yaradılmışdı. Əvvəldən də gözlənildiyi kimi seçkilərin qalibi cənab İlham Əliyev oldu. Böyük səs çoxluğu ilə qalib gələn İlham Əliyevi səmimi qəlbdən təbrik edirəm. Beləcə hər kəsin seçim hüququna hörmətlə yanaşıram".

Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev:
"9 oktyabr prezident seçkiləri çox demokratik və azad şəkildə keçirildi. Azərbaycan xalqı səsverməyə çox yüksək həvəslə gələrək, özünün düzgün seçimini etdi. Seçkilərdə xalqın fikrinə, seçiminə böyük hörmətlə yanaşıldı. Bu qələbə münasibəti ilə mən cənab İlham Əliyevi təbrik edirəm. Bu qələbə ümumilikdə, xalqımızın, dövlətimizin qələbəsidir. Xalq növbəti 5 il üçün özünün taleyini müəyyənləşdirdi. Cənab İlham Əliyevə uğurlar arzulayıram. Bir məsələni də qeyd edim ki, bəziləri yəni, konkret desək "Milli Şura" namizədinin seçkinin nəticələri ilə bağlı dedikləri və bu nəticələri qəbul etməməsi çox gülüncdür. Onlar yenə də ağıllarını itiriblər. Bu insanların hər biri ermənilərə xidmət edənlərdir. Cəmil Həsənlinin uydurma fikirlərinə heç kim inanmır. Onlar əvvəlcədən bilirdilər ki, məğlub olacaqlar. "Milli Şura"da təmsil olunan ermənipərəst Qəmbərov İsanın və Kərimov Əlinin seçki ilə bağlı dedikləri də yalandır. Onlar kor gözlərini açsınlar və görsünlər ki, seçki həqiqətən tam demokratik şəraitdə keçirildi".

Müstəqil namizəd Zahid Oruc:
"Cənab İlham Əliyevin dövlətimizin dinamik inkişafı və xalqımızın rifahının günü-gündən yüksəldilməsi istiqamətindəki fəaliyyəti misilsizdir. Cənab İlham Əliyevin 9 oktyabrda parlaq qələbə qazanması bir daha sübut etdi ki, xalqımız Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi möhtəşəm milli inkişaf yolunun davam etdirilməsini istəyir. Bunu vətənimiz Azərbaycanın hərtərəfli tərəqqisinin yeganə uğurlu yolu hesab edir. Müasir Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyevin qələbəsi eyni zamanda göstərdi ki, xalqımızın ölkə başçısının ölkədə siyasi və sosial stabilliyin təmin olunmasına, daha böyük iqtisadi nailiyyətlərə çatmasına, demokratik institutların fasiləsiz inkişafına, ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ərazi bütövlüyünün bərpa olunmasına yönəlmiş siyasətinə yüksək etibarı var. Ədalətli və şəfaf şəkildə keçirilən prezident seçkilərində xalqımız çox yüksək əhval-ruhiyyə ilə məntəqələrə gedərək öz səslərini verdilər. Bu seçkilərdə xalq öz siyasi iradəsi ilə həm də bəyan etdi ki, ölkəmiz bir daha heç vaxt ötən əsrin 90-cı illərinə qayıtmayacaq".

Prezidentliyə namizəd, BAXCP sədri Qüdrət Həsənquliyevin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı:
"Xalqımız son 10 il ərzində cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən inkişafı gördü və prezident seçkilərində öz qiymətini verdi. Bütün namizədlər açıq şəkildə bu qələbəni qəbul etməlidirlər. Çünki prezident seçkiləri tam qanuna və normalara uyğun həyata keçirilərək başa çatdı. Seçki prosesi bir çox dünya dövlətlərinə nümunə göstəriləcək qədər yüksək səviyyədə həyata keçirildi. Bəzi namizədlər çətinliklərlə üzləşdiklərini söyləsələr də, bunun qısqanclıqdan başqa bir şey olmadığını düşünürəm. Seçki məntəqələrindəki şərait, şəffaf qutular seçki prosesinin ən yaxşı formada təşkil edildiyini deməyə əsas verir. Dünyanın aparıcı dövlətlərinin də müşahidəçiləri bunları təsdiq edərək, prezident seçkilərini tanıdıqlarını etiraf etdilər. Onlar seçki prosesində hər hansı bir neqativ halların aşkarlanmadığını bildirdilər".
Cahid Süleymanov,
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB