Azay Quliyev ATƏT/ DTİHB-nun hesabatına etirazını bildirdi

Azay Quliyev ATƏT/ DTİHB-nun hesabatına etirazını bildirdi

"Artıq bütün beynəlxalq təşkilatlar oktyabrın 9-da keçirilən prezident seçkilərinin yekunları ilə əlaqədar öz rəylərini açıqlayıblar. Təqdirə layiq haldır ki, dünyanın bir çox ölkələrindən gələn qurumlar, xüsusilə AŞPA və Avropa Parlamenti seçkilərin azad, ədalətli və şəffaf şəkildə keçirildiyini və demokratik prinsiplərə cavab verdiyini bəyan ediblər. Lakin ATƏT/DTIHB və ATƏT PA-nın adından açıqlanan ilkin rəy kifayət qədər mübahisəli və reallığı tam olaraq əks etdirmədiyindən ciddi narazılığa səbəb olub". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Azay Quliyev ATƏT/DTİHB-nin 9 oktyabr prezident seçkisi ilə bağlı açıqladığı hesabata münasibət bildirərkən deyib.

O bildirib ki, hesabata ilk etiraz edən ATƏT-in müşahidə missiyasının koordinatoru, ATƏT PA- nın üzvü cənab Mişel Vauzen olub.

Onun sözlərinə görə, faktiki olaraq ATƏT/DTİHB və ATƏT PA fəaliyyətini əlaqələndirən şəxsin bu hesabatla razılaşmaması və seçkilərin şəffaf, azad və ədalətli keçməsini təsdiqləməsi, Avropa Parlamentinin və Avropa Şurasının seçki ilə bağlı qərarlarına qoşulması bir çox qaranlıq məsələlərə aydınlıq gətirib: "Bunun ardınca ATƏT-in fəaliyyətdə olan hazırkı sədri cənab Leonid Kojaranın da seçkilərin ATƏT-in və Avropa Şurasının tələblərinə uyğun keçirildiyini və bu istiqamətdə tərəqqinin əldə olunduğunu bildirməklə ATƏT/DTIHB mövqeyi ilə həmrəy olmadığını nümayiş etdirdi. Əgər bu siyahıya digər beynəlxalq təşkilatların da rəyini əlavə etsək, görərik ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun açıqladığı ilkin rəy hamı tərəfindən bir mənalı şəkildə rədd edilmiş olub. Güman edirəm ki, DTİHB-in təklikdə qalması və onun mövqeyinin yerli və beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in sədri və ATƏT-in seçki müşahidə missiyasının rəhbəri tərəfindən qəbul edilməməsi onun direktoru cənab Lenarçiçini ciddi şəkildə düşündürəcək. Ümidvaram ki, ATƏT PA-nın oktyabrın 12-də Montenoqrada keçiriləcək büro iclasında və sonrakı günlərdə baş tutacaq payız sessiyasında büronun ünvanına deyilən iradlara əsaslandırılan və məntiqi bir cavab almaq mümkün olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə