Əli Əhmədov: “Seçki kampaniyası qanunauyğun şəkildə həyata keçirilib” YENİLƏNİB-FOTO
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında hakim partiyanın sədr müavini-icra katibi Əli Əhmədovun sədrliyi ilə ölkəmizdə keçirilən prezident seçkilərinin yekunu ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, jurnalistlərin də iştirak etdiyi mətbuat konfransında YAP-ın Sədr müavini-icra katibi deyib ki, prezident seçkiləri artıq başa çatıb.
Bildirilib ki, səhər saat 08:00-dan start verilən seçkilərə axşam saat 19:00-da yekun vurulub: "Mərkəzi Seçki Komissiyası yaxın zamanda seçkilərin ilkin nəticələrini bəyan edəcək. Artıq exit-poll keçirən təşkilatlar öz rəylərini bildiriblər. Həmin rəylərə əsasən hakim partiyanın namizədi seçicilərin 83 faiz səsini toplayıb. Seçki kampaniyası tam demokratik, bərabərlik şəraitində keçdi. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 il ərzində böyük dəyişiklər baş verib. Seçicilərin fəal olması İlham Əliyevə böyük rəğbətin nəticəsidir.
Son 10 ildə cənab İlham Əliyev Azərbaycan vətəndaşlarının həyatını ciddi şəkildə müsbətə doğru dəyişib. Azərbaycan xalqının İlham Əliyevə olan böyük inamının digər bir səbəbi isə Azərbaycanda olan sabitlikdir. Azərbaycanda hər bir insan sabit həyat yaşayır, sabaha inamla baxır".
YAP-ın sədr müavini deyib ki, Azərbaycan iqtisadiyyatı növbəti 5 ildə daha da güclənəcək, ölkənin beynəlxalq nüfuzu daha da artacaq. Seçki kampaniyası qanunauyğun şəkildə həyata keçirilib. Hər bir namizəd üçün bərabər şərait yaradılıb. Lakin bəzi namizədlər bundan istifadə edə bilmədilər.
Əli Əhmədov Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin seçki qərargahının uydurmalarına da münasibət bildirərək deyib ki, Mərkəzi Seçki Komissiyası (MSK) bununla bağlı ciddi araşdırmalar aparır və gerçək vəziyyəti ortaya qoyacaq: "Təbii ki, müxalifətin vahid namizəd elan etdiyi Cəmil Həsənlinin belə bir vəziyyətə düşməsi təkcə onların secki kampaniyası zamanı zəif olmasıı ilə deyil, eyni zamanda, Azərbaycan vətəndaşlarının onlara inanmaması ilə bağlıdır. Çünki onlar Azərbaycanın gələciyi ilə baglı heç bir təsəvvürə malik deyillər".
YAP-ın icra katibinin müavini oktyabrın 12-də "Milli Şura"nın keçirəcəyi aksiyaya da münasibət bildirərək deyib ki, əgər onlar aksiyalar kecirmək istəyirlərsə, bunun üçün lazımi yerlər ayrılıb: "Amma ötən aksiyalarda insanların onlara münasibəti bəlli oldu. Azərbaycan vətəndaşları özünü bu cür ortaya qoymuş müxalifətə biganəliyini təsdiq etdi".






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB