İstanbulun millət vəkili: "Azərbaycan bu seçkilərdən də alnıaçıq çıxacaq"

İstanbulun millət vəkili: "Azərbaycan bu seçkilərdən də alnıaçıq çıxacaq"

"İnanıram ki, Azərbaycan bu seçkilərdən də alnıaçıq çıxacaq". SİA-nın məlumatına görə bunu İstanbul millət vəkili, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının QHT Forumunun həmsədri İsmayıl Safi bildirib.

Onun sözlərinə görə, bu gün onlar 4 nəfərlik bir nümayəndə heyəti ilə Azərbaycanda keçirilən seçkiləri izləyiblər: "Artıq ölkənizin müxtəlif regionlarında seçkiləri izləyirik. Məntəqələrdə olduğumuz zaman seçici fəallığı kifayət qədər yüksək olduğunun və səsvermə üçün bütün zəruri şəraitin yaradıldığının şahidi olduq. Bundan əlavə olaraq biz məntəqələrdə təkcə hakimiyyət təmsilçisinin deyil, eyni zamanda müxalifət, müstəqil namizədlərin və digər müşahidəçilər üçün şərait yaradıldığını gördük. Bütün bunlar bir daha seçkilərin azad və şəffaf keçirilməsinə dəlalət edən amillərdir və biz seçkilərin demokratik məcrada keçirilməsinin şahidi olduq".

Artıq Azərbaycanda üçüncü dəfə seçkiləri izlədiyini deyən, türkiyəli millətvəkili bildirib ki, hər seçkidən seçkiyə təkmilləşmənin şahidi olur və seçkilər daha demokratik şəraitdə keçirilir: "Bundan öncə mən ABŞ-da seçkiləri izlədim və oradakı seçkilərlə burada keçirilən seçkilər arasında elə də ciddi texniki fərq hiss etmədim".

Millət vəkili əlavə edib ki, bəzi seçki məntəqələrində hansısa problemin olması istisna deyil, çünki, belə hallar dünyanın hər bir ölkəsində keçirilən seçkilərdə baş verir: "Bütün bunlara baxmayaraq biz Azərbaycanda hər seçkidən seçkiyə daha demokratik seçkilərin keçirildiyinin şahidi oluruq ki, bu da siyasi və iqtisadi cəhətdən müstəqil siyasət yürüdən Azərbaycanın demokratiya istiqamətində ciddi addım atdığının və bu yolda getdiyinin göstəricisidir".

Bütün xəbərlər Facebook səhifəmizdə