Vüqar Rəhimzadə: “YAP-ın namizədi cənab İlham Əliyevə xalqın inamı böyükdür” AÇIQLAMA

Vüqar Rəhimzadə: “YAP-ın namizədi cənab İlham Əliyevə xalqın inamı böyükdür” AÇIQLAMA

"Seçki hər bir siyasi qüvvə üçün sınaq imtahanıdır. Seçki eyni zamanda bir hesabatdır. Yəni ötən dövrə nəzər salıb, gələcək üçün prioritetlər müəyyənləşdirilir. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, bu gün sıralarında 600 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası (YAP) hazırlıq prosesini Seçki Məcəlləsinin və seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirib. Partiya üzvlərinin, ümumilikdə Azərbaycan xalqının seçki fəallığı onu deməyə əsas verir ki, 9 oktyabr səsvermə prosesi də yüksək səviyyədə keçiriləcək, hər bir seçici öz seçim hüququndan istifadə edərək seçki məntəqələrinə gəlib səs verəcək". Bunu SİA-ya YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

YAP Siyasi şurasının üzvü deyib ki, hazırlıq prosesi nəticəyə təsir göstərən əsas amillərdən biridir: "Yeni Azərbaycan Partiyasının seçki şüarı istər təbliğat-təviqat kampaniyası, istərsə də səsvermə prosesi barədə aydın təsəvvür yaradır. Partiya hər bir mərhələni, istər namizədin irəli sürülməsi və imzatoplama, istərsə də təbliğat-təşviqat mərhələsini yüksək fəallıq şəraitində başa vurub. Şəhərlərdə, qəsəbələrdə, kəndlərdə keçirilən hər bir görüşdə seçicilərin yüksək əhval-ruhiyyə ilə bu tədbirlərə qatıldıqlarının şahidi olduq. Təbliğat-təşviqat kampaniyasına "İlhamla irəli" şüarı ilə qatılan partiya seçicilərlə təşkil olunan hər bir görüşdə bu reallığın şahidi oldu ki, dəyişməz siyasi xəttə, mövqeyə mailk olan YAP-a xalqın etimadı, sevgisi böyükdür. Yeni Azərbaycan Partiyasının təkmil seçki texnologiyası mövcuddur. Bu strategiyanın əsasında isə demokratik prinsiplərə sadiqlik dayanır".

"Təbii ki, YAP-ın seçki prosesinə yüksək əhval-ruhiyyə ilə qatılmasını şərtləndirən əsas amillərdən biri də partiyanın namizədinin cənab İlham Əliyev olmasıdır. Dövlət başçısı İlham Əliyevin son on ildə gördüyü işlər, həyata keçirdiyi biri-birindən əhəmiyyətli tədbirlər, Dövlət Proqramları Azərbaycanın hərtərəfli inkişafını təmin edib, beynəlxalq diqqəti daha da artırıb. Bu gün ölkəmizin iqtisadi, siyasi, mədəni mərkəzə çevrilməsi təbii ki, uğurlu siyasətin nəticəsidir. Cənab İlham Əliyev hər çıxışında bu fikri bildirir ki, biz qazanılan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq. Yeni-yeni hədəflərin müəyyənləşdirilməsi gələcəyə daha böyük inamla baxmağa, daha səylə çalışmağa əsas verir" – deyə, baş redkator sözlərinə əlavə edib.

V.Rəhimzadə bildirib ki, təkcə Yeni Azərbaycana Partiyasının 600 mindən artıq üzvünün deyil, Azərbaycan xalqının mütləq əksəriyyətinin namizədi olan cənab İlham Əliyevin 9 oktyabr prezdent seçkilərində qələbəsi şəksizdir: "Reallığa yüksək dəyər verən xalqımız son on ilin uğurlarını, Azərbaycanın bu gününü dünəni ilə müqayisə etməklə inkişafın hansı səviyyəsində olduğumuzu görür və gələcəkdə bu uğurların davamlılığını istəyir. Bu istəyi gerçəkləşdirmək üçün isə səsvermə prosesində fəal olmaq, Azərbaycanın uğurlu gələcəyinə dəstək olmaq gərəkdir. Hər bir seçki prosesindən uğurla çıxan Yeni Azərbaycan Partiyasının 9 oktyabr prezident seçkilərində də böyük qələbə əldə edəcəyi heç kəsdə şübhə doğurmur. 9 oktyabr prezident seçkiləri bir daha partiyanın tarixinə qələbə kimi yazılacaq. Azərbaycanın 22 illik müstəqillik tarixinin bələdçisi olan Yeni Azərbaycan Partiyasına, onun namizədi cənab İlham Əliyevə xalqın inamı böyükdür. Xalqımız cənab İlham Əliyevə səs verməklə Azərbaycanın davamlı inkişafına, firavan həyatımıza, sabitliyə, demokratiyaya dəstək vermiş olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə