Azərbaycan nümayəndə heyəti bəyanat yayıb

Azərbaycan nümayəndə heyəti bəyanat yayıb

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyəti Ermənistan prezidenti Serj Sarkisyanın oktyabrın 2-də sessiyada ölkəmizə qarşı qərəzli və böhtan dolu çıxışını pisləyən bəyanat yayıb. İngilis və fransız dillərində tərtib olunan bəyanatı azərbaycanlı deputatlarla yanaşı, avropalı deputatlar da imzalayıblar. Bəyanatda deyilir: "Ermənistan prezidenti Serj Sarkisyan 2013-cü il oktyabrın 2-də AŞPA-da çıxış edərək bunları deyib: "Biz Türkiyəyə qarşı heç vaxt ərazi iddiaları irəli sürməmişik. Əgər siz bu istiqamətdə hər hansı bir çıxış və bəyanatı tapıb mənə göstərə bilsəniz, o zaman mən sizdən üzr istəməyə hazıram…" Bununla bağlı Ermənistan prezidentinin çoxsaylı bəyanatlar arasında sadəcə 2011-ci il iyulun 23-də Ermənistanda Tsaqkadzor şagirdləri ilə görüş zamanı edilmiş bəyanatını nəzərinizə çatdırmaq istərdik. Bir şagirdin cənab Sarkisyana bir gün Qərbi Ermənistanın və Ararat dağının Ermənistana birləşməsi haqda ünvanladığı sualına Serj Sarkisyan belə cavab verib: "Bu, sizin kimi gənc nəsildən və sizdən asılıdır. Hesab edirəm ki, mənim təmsil olunduğum nəsil üzərinə düşən işi yerinə yetirib. 1990-cı illərin əvvəllərində bizim milli ərazilərimizin bir parçası olan Qarabağı düşməndən müdafiəsinə ehtiyac olduğu bir vaxtda, biz bunu etdik" (asbarez.com, panarmenian.net). Onun gənclərə verdiyi cavabı Türkiyə və Azərbaycana qarşı hansı ərazi iddialarında olduğunu aydın şəkildə göstərir. Dağlıq Qarabağ bölgəsi və Ağrıdağ (Ararat) dağı Azərbaycan və Türkiyə ərazilərinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınmış əraziləridir. Bu baxımdan biz Ermənistan prezidentini verdiyi sözə əməl etməyə və Parlament Assambleyasının auditoriyasına səhv məlumat verdiyi üçün onu üzr istəməyə çağırırıq".

AŞPA qeyri-obyektiv çıxışına və Azərbaycan nümayəndə heyəti rəhbərinin ünvanına səsləndirdiyi fikirlərinə görə Ermənistan prezidentinin üzr istəməsini tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə