Cəmiyyətimizin bütün təbəqələrinin istək və arzusu İlham Əliyev siyasətinin davamıdır FOTOLAR

Cəmiyyətimizin bütün təbəqələrinin istək və arzusu İlham Əliyev siyasətinin davamıdır FOTOLAR

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Cənab İlham Əliyevin Binəqədi rayonu üzrə Seçki Qərargahı Bakı Poladtökmə Açıq Səhmdar Cəmiyyətində çalışan seçicilərlə görüş keçirib.

Görüşü giriş sözü ilə açan Bakı Poladtökmə ASC-nin idarə heyətinin sədri Orxan Məmmədov xalqımız tarixi ictimai-siyasi hadisə olan 9 Oktyabr prezident seçkiləri ərəfəsində olduğunu bildirib. O, 1991-ci ildə dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan dövlətinin hərbi təcavüz, daxili çəkişmələr və iqtisadi çətinliklər ilə üzləşdiyini vurğulayıb. Qeyd edib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qısa müddət ərzində sabitlik bərpa olundu və cəsarətli addımlar atıldı. Azərbaycanda bir çox sahələr kimi sənaye sahəsi də inkişaf dövrünə qədəm qoydu. O, bu siyasətin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Seçicilərə üzünü tutan O.Məmmədov 9 oktyabr tarixində onları düzgün seçim edərək Cənab İlham Əliyevə səs verməyə çağırıb.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycan xalqının böyük sınaq ərəfəsində olduğunu bildirərək 9 oktyabr tarixində keçiriləcək prezident seçkilərinə təbliğat-təşviqat kampaniyasının uğurla davam etdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, siyasi aləmdə, beynəlxalq miqyasda tanınan Prezident İlham Əliyev 10 illik fəaliyyəti dövründə böyük uğurlara imza atıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə başçısının hər addımı Azərbaycanın işıqlı gələcəyinə doğrudur: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir".

R.Göyüşov Azərbaycanın dinamik inkişafına nəzər salaraq həyata keçirilən Dövlət Proqramlarının bütün bölgələrin tarazlı inkişafına nail olmaqla abadlıq və quruculuq işlərinin aparılmasına, infrastrukturun yenidən qurulmasına yol açdığını bildirib. O, böyük inamla qeyd edib ki, bu müəssiəsədə çalışan hər bir seçici reallıqları nəzərə alaraq Cənab İlham Əliyevə səs verəcəklər.

Görüşdə çıxış edən millət vəkili Rafael Cəbrayılov Prezident İlham Əliyevin siyasəti sayəsində həyata keçirilən yeniləşmə, müasirləşmə nəticəsində Azərbaycan tamamilə yeni görkəm aldığını bildirib: "Ölkədə sabitlik, əmin-amanlıq, dinclik, insanların təhlükəsizliyi təmin edilib. Dövlət başçısının əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar ötən 10 ilə yaxın dövrdə respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. Bütün bu reallıqlar Prezident İlham Əliyevin fəaliyyətinin nailiyyətləridir və gerçəklik Ölkə başçısına ümumxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirib".

O, çıxışının sonunda vurğuladı ki, bu siyasətin davamı cəmiyyətin bütün təbəqələrinin istək və arzusudur: "Azərbaycan xalqının böyük əksəriyyəti seçkilərdə Cənab İlham Əliyevə səs verəcək, ölkəmizin gələcəyi təmin olunacaq".

Görüşdə çıxış edən seçici Hümbət Mustafayev və başqaları Azərbaycanın demokratik prinsiplər əsasında inkişafı və bu istiqamətdə dövlət tərəfindən yürüdülən siyasətə nəzər salıblar. Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin təkcə tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsası olduğu bildirilib. Seçicilər xalqımızın xoş gələcəyinə, Cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə