Mübariz Əhmədoğlu: “Nalbandyanın səsləndirdiyi tənzimləmə prinsipləri beynəlxalq sənədlərin heç birində yoxdur” FOTOLAR

Mübariz Əhmədoğlu: “Nalbandyanın səsləndirdiyi tənzimləmə prinsipləri beynəlxalq sənədlərin heç birində yoxdur” FOTOLAR

Bu gün siyasi innovasiya və texnologiyalar mərkəzinin sədri Mübariz Əhmədoğlunun rəhbərliyi ilə 2013-cü ilin sentyabr ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı mətbuat konfrans keçirilib.

Mübariz Əhmədoğlu ilk öncə 9 oktyabr 2013- cü ildə ölkəmizdə keçiriləcək prezident seçkilərinə toxunaraq deyib ki, Azərbaycanda seçkiləröncəsi proseslər normal, demokratik şəraitdə davam edir: "Səslənən bəzi təhqirli fikirlər nəzərə alınmazsa, teledebatlardakı gərginlik də normal qəbul edilə bilər. Əsas müxalif qüvvə rolunda çıxış edən "Milli Şura"nın platforması ölkə Prezidenti İlham Əliyev üçün komplimentdir. "Milli Şura"nın namizədi prezident seçiləcəyi təqdirdə, ölkəyə 2 il müddətinə rəhbərlik edəcəyini bildirir. Müasir reallıqda Azərbaycanın yerləşdiyi regionda heç bir dövlət 2 il ərzində belə ağır tutumlu siyasi prosedurlarla məşğul ola bilməz. Azərbaycan dövləti güclü dövlətdir, amma onun hər şeyə qalib gələcəyini iddia etmək düzgün deyil".

Mərkəz sədri hesab edir ki, Dağlıq Qarabağla Ermənistan arasında gömrük məntəqəsinin qurulması labüddür. Bunu Rusiya ekspertlərinin dediyindən də aydın başa düşmək olar: "Lakin bu ekspertlərin fikrincə, gömrük məntəqəsinin yerini Gömrük İttifaqı yox, Ermənistan özü müəyyənləşdirəcək. Bəzi erməni eskpertlərinin fikrincə, yaranmış vəziyyətdən ermənilər öz faydaları üçün istifadə edə bilərlər. Dağlıq Qarabağın ətrafındakı rayonlar Azərbaycana külli miqdarda investisiyaların əvəzində qaytarılmalıdır. Hətta bəzi mətbu orqanları bunu Dağlıq Qarabağın satılması kimi şərh edib".

O, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın BMT Baş Assambleyasındakı çıxışına da toxunaraq deyib ki, onun burada səsləndirdiyi "Azərbaycanda indi terrorçu qruplaşmalarla bağlı muzdlulardan istifadə edilməsi" fikri Azərbaycanın BMT TŞ-ya sədrliyinə Ermənistanın paxıl və qısa yalandan ibarət reaksiyadır. E.Nalbandyanın səsləndirdiyi tənzimləmə prinsipləri Dağlıq Qarabağa dair beynəlxalq sənədlərin heç birində yoxdur".

Suriya məsələsinə də diqqəti yönəldən Mübariz Əhmədoğlu bildirib ki, BMT TŞ-da Suriyanın kimyəvi silahı barədə qətnamə yekdilliklə qəbul edildi: "Qətnamə Suriyaya qarşı hərbi müdaxiləni istisna edir. Suriyada kimyəvi silahın tətbiqi məsələsinə münasibətdə RF-nın mövqeyi qalib gəldi. ABŞ başda olmaqla, Qərb ölkələri istəklərini reallaşdıra bilmədi: Suriyanın kimyəvi silahlarını məhdudlaşdırması haqqında beynəlxalq konvensiyaya qoşulması ilə bağlı qərar qəbul edildi. Rusiyanın məsələ ilə bağlı təklifi ABŞ-ın əl-qolunu tamamilə bağladı. Bununla da Suriya məsələsində ABŞ həm daxili, həm də xarici siyasətdə itkiyə məruz qaldı".

Şahin Abasov

Bütün xəbərlər Facebook səhifəmizdə