Zərdablıların seçimi bəllidir

Zərdabda Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. SİA-nın məlumatına görə, YAP-ın Zərdab rayonu üzrə təbliğat qrupunun üzvləri Məlikumudlu və Birinci Alıcanlı, İkinci Alıcanlı, Cilovxanlı kəndlərində seçicilərlə görüşüb.

Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova qeyd edib ki, ölkəmizin sürətli inkişafı Prezidentimizin parlaq siyasəti ilə bağlıdır: "Cənab İlham Əliyevin 10 illik fəaliyyəti dövründə Azərbaycan hərtərəfli inkişafa, daxili sabitliyə, kosmik sənayeyə, insanlar üçün firavan həyata, işsizliyin və yoxsulluğun aradan qaldırılmasına nail olub. Bu uğurlar Azərbaycan Prezidentinin dövlətçilik bacarığının və rəhbərlik qabiliyyətinin nəticəsidir. Bizlər bu siyasətin davamını istəyirik. Buna görə də seçki günü YAP-ın namizədinə səs verəcəyik".

Daha sonra seçicilər qarşısında çıxışı zamanı YAP Zərdab rayon Qadınlar şurasının sədri Minəgül Əliyeva qeyd edib ki, Azərbaycan qadınlarına göstərilən diqqət və qayğı yüksək səviyyədədir: "Bu gün Azərbaycan qadınları müstəqil respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində əzmlə çalışır. Əminliklə deyirəm ki, qadınlarımız 9 oktyabrda keçiriləcək növbəti prezident seçkilərində də fəallıq nümayiş etdirəcək və Cənab İlham Əliyevə səs verəcəklər".

Görüşdə Əməkdar müəllimə Sara Sultanova, YAP Zərdab rayon Gənclər Birliyinin fəal üzvü İlkin Əliyev, Şəhər 2 saylı körpələr evi, uşaq bağçasının müdiri Vüsalə Kərimova, rayon Suvarma Sistemləri idarəsinin mühəndisi Ziyad Xancanov çıxış ediblər.

Seçicilər də çıxış edərək bildiriblər ki, 9 oktyabrda seçki məntəqələrinə gedərək YAP-ın namizədinə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə