Binəqədi ziyalıları birmənalı olaraq Cənab İlham Əliyevi dəstəkləyir FOTO

Binəqədi ziyalıları birmənalı olaraq Cənab İlham Əliyevi dəstəkləyir FOTO

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Binəqədi rayonu üzrə Seçki Qərargahının üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirirlər. SİA-nın verdiyi məlumata görə, növbəti görüş rayonun ziyalıları ilə keçirilib. Görüşdə Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Eldar İbrahimov, şair-publisist Taleh Həmid və rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, bu gün ölkəmizdə mühüm siyasi proses yaşanılır, Hazırda 9 oktyabr prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası davam edir. Təbliğat kampaniyasının aparılması ilə əlaqədar olaraq Binəqədi rayonunda da seçicilərlə görüşlər keçirilir. Rayon təşkilatının sədri 9 oktyabr prezident seçkilərinin Azərbaycanda demokratiyanın növbəti təntənəsi olacağını vurğulayıb, azad, ədalətli, şəffaf şəraitdə keçiriləcəyini bildirib. O, bu gün ölkədə davam edən quruculuq işlərinə nəzər salıb: "Sürətli dinamik inkişaf bu gün Binəqədi rayonunda da özünü tam şəkildə göstərir. Son 10 ildə Cənab Prezident İlham Əliyev Binəqədi rayonuna 30 dəfə səfər edib və hər bir səfər müxtəlif təhsil, səhiyyə, sosial obyektlərin əsasının qoyulması və ya açılışı ilə bağlı olub. Rayon ərazisində böyük komplekslər olan Bakı Tennis Akademiyası, Avtovağzal kompleksi, metro stansiyaları tikilib istifadəyə verilib".

Çıxışında aparılan siyasətin praktiki nəticələrini qeyd edən Ramiz Göyüşov ziyalıları gənclərlə işləməyə, seçkidə aktiv olmağa və YAP-ın namizədi İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Eldar İbrahimov bildirib ki, bu gün ölkəmiz sürətlə inkişaf edir. Enerji layihələri reallaşır: "Ölkənin hər yerində abadlıq işləri həyata keçirilir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət nəticəsidə ölkə regionda söz sahibinə çevrilib, ərzaq, enerji təhlükəsizliyi kimi mühüm məsələlər həll edilib, gənclərin hərtərəfli inkişafı, xaricdə təhsili üçün geniş imkanlar açılıb. Ümummilli Liderin xilas etdiyi Azərbaycan İlham Əliyevin dövründə öz müstəqilliyini daha da möhkəmləndirdi".

Binəqədi ziyalılarının rayonun həyatında mühüm rol oynadığını bildirən Eldar İbrahimov qeyd edib ki, bizim devizimiz "İlhamla İrəli"dir və bu yolda biz irəliyə doğru addımlayacayıq.

Şair-publisist Taleh Həmid gənclərə olan diqqət və qayğıdan danışaraq, qeyd edib ki, bu gün ölkədə düzgün sosial siyasət aparılır. O, vurğulayıb ki, Cənab İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki, ölkədə ədəbiyyat və incəsənət inkişaf edir.

Sonra tədbirdə çıxış edən Binəqədi ziyalıları İlham Əliyevin heç bir alternativinin olmadığını və seçkilərdə birmənalı olaraq YAP-ın namizədinə səs verəcəklərini bildiriblər. Qeyd olunub ki, İlham Əliyevə verilən səs Azərbaycanın müstəqilliyinə, inkişafına və demokratikləşməsinə verilən səsdir.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə