İlham Əliyev və xanımı Qubada BDU-nun tədris-təcrübə və istirahət mərkəzinin açılışında iştirak ediblər

İlham Əliyev və xanımı Qubada BDU-nun tədris-təcrübə və istirahət mərkəzinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Qubaya səfəri çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) tədris-təcrübə və istirahət mərkəzinin açılışında iştirak edib.

Açılışda iştirak edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov məlumat verdi ki, mərkəzin ərazisi 8 hektardır. Ərazi 1970-ci ildən istifadə olunur. Son 20 ildə isə burada məcburi köçkünlər məskunlaşmışdı. Yeni binanın inşasına 2011-ci ilin sentyabrında başlanılıb, bu ilin sentyabrında başa çatdırılıb. Tikinti işləri universitetin daxili imkanları hesabına aparılıb.

Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostend quraşdırılıb. Binada "Bakı Dövlət Universitetinin tarixi" və "Tədris-təcrübə və istirahət mərkəzinin tarixi" adlı fotoguşələr də yaradılıb.

Dövlətimizin başçısı və xanımı mərkəzin otelində yaradılan şəraitlə tanış oldular. Bildirildi ki, 400 nəfər üçün nəzərdə tutulan mərkəzdə universitetin müəllim və tələbələrinin istirahətinə hər cür şərait yaradılıb. Burada həm professor-müəllim heyəti, həm də tələbələr üçün nəzərdə tutulmuş otaqlar ən müasir standartlara cavab verir. Müxtəlif müzakirələrin aparılması və tədbirlərin keçirilməsi üçün burada konfrans zalları təşkil olunub. Böyük akt zalında istənilən tədbirin keçirilməsi üçün hər cür şərait var. Müəllim-tələbə heyəti 300 nəfərlik yeməkxananın xidmətlərindən də istifadə edə biləcək. İdman zalları müasir avadanlıqla təchiz olunub. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq, həmçinin bir sıra yarışların keçirilməsi mümkündür. Mərkəzin əsas bölmələrindən biri də kitabxanadır. Elektron formatda təşkil olunan kitabxanada müxtəlif mövzulara aid yüzlərlə ədəbiyyat toplanıb. Bundan əlavə, tədris-təcrübə və istirahət mərkəzində müxtəlif istiqamətlər üzrə laboratoriyalar təşkil olunub. Bütün bunlar müəllim və tələbələrin daha yaxşı istehsalat təcrübəsi aparmalarına, yerli və beynəlxalq tədbirlərin keçirilməsinə yeni imkanlar yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə