Sərraf Balaxan: "Biz namizədimizin təbliğat kampaniyasını layiqincə yerinə yetirəcəyik "

Sərraf Balaxan: "Biz namizədimizin təbliğat kampaniyasını layiqincə yerinə yetirəcəyik "

Yeni Azərbaycan Partiyası Gənclər Birliyin ofisinin rəhbəri Sərraf Balaxanın SƏS TV- yə müsahibəsi:

- Sərraf müəllim, bildiyiniz kimi bu gündən prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyasının gəncləri təbliğat kampaniyasına necə hazırlaşıb?

- Yeni Azərbaycan Partiyası artıq öz namizədini müəyyənləşdirib. Bu şəxs bundan öncəki prezident seçkilərində 2 dəfə seçilmiş və Azərbaycan xalqının etimadını doğrultmuş İlham Əliyevdir. Bizim builki şüarımız və görəcəyimiz işlər artıq cəmiyyətə məlumdur. Mən deyərdim ki, Cənab İlham Əliyevin layiqli namizəd olduğu barədə xalqa geniş məlumat verməyə ehtiyac yoxdur. Çünki o, hakimiyyətdə olduğu müddətdə yüksək səviyyəli fəaliyyəti ilə daima xalqın etimadını doğruldub. Xalq ilə daima sıx təmasda olub, əhalinin problemləri ilə yaxından tanış olaraq, onların həlli istiqamətində təqdirəlayiq addımlar atıb. Biz də bir partiya olaraq, öz namizədimizin təbliğat kampaniyasını layiqincə yerinə yetirəcəyik. Diqqətinizə çatdırmaq istəyirəm ki, partiyamız Cənab Prezidentimiz İlham Əliyevin təbliğat kampaniyasına artıq dünən gecə saatlarından start verib. Biz gecə saatlarından başlayaraq Cənab Prezidentin şəkillərini əvvəlcədən müəyyən olunmuş lövhələrə yapışdırmaqla kampaniyaya daxil olan birinci prosesi həyata keçirmiş olduq. Seçki prosesinə start verilən ilk gündən göründüyü kimi, Yeni Azərbaycan Partiyası həmçinin onun gəncləri öz fəallığı ilə digər partiyaları özündən geridə qoydu. Sözügedən prosesi partiya, məhz gənclərin öhdəsinə həvalə edib. Düşünürəm ki, gənclər onların üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə müvəffəq olub. Nəzərinizə çatdırmaq istərdim ki, Yeni Azərbaycan Partiyası tərəfindən yaradılan və təbliğat kampaniyasının tərkib hissəsinə daxil olan "İlhamla İrəli" saytı hazırlanıb.

- Regionlardan bizə müxtəlif informasiyalar gəlir ki, Yeni Azərbaycan Partiyasına daxil olan gənclər təbliğat-təşviqat kampaniyasında olduqca aktiv şəkildə iştirak edirlər. Bununla bağlı olaraq, sizdə orada iştirak edən gənclərin sayı barədə dəqiq məlumat varmı?

- Konkret olaraq Bakı şəhəri üzrə məlumatı nəzərinizə çatdırmaq istərdim. Belə ki, Bakı şəhərinin 11 rayonu və Qaradağ, Sumqayıt da daxil olmaqla ümumilikdə hər rayon təşkilatı üzrə minimum 20 nəfər gənc nəzərdə tutulub. Dünən gecə saatlarından başlayan prosesdə isə təxminən 1000-ə yaxın gənc iştirak edib. Lakin bu gündən başlayaraq həmin gənclərin sayında getdikcə çoxalma müşahidə olunur. Çünki biz kampaniyalarda həmin gənclərdən mərhələli şəkildə istifadə etməyi nəzərdə tutmuşuq.

- Sərraf müəllim, bildiyiniz kimi seçkiyə bir aydan az vaxt qalıb. Seçkilərlə bağlı fəaliyyətdə bundan sonra hansı planlar həyata keçiriləcək?

- Cənab Prezident İlham Əliyevin növbəti seçkilərdə təbliğatı ilə bağlı biz müxtəlif üsullu kampaniyaların həyata keçirilməsini nəzərdə tutmuşuq. Sözügedən kampaniyaların üzərində planlı şəkildə işləyərək, onların hazırlanma prosesini demək olar ki, artıq başa çatdırmışıq. Bunların tərkibində virtual layihələr də var. Prezidentin hakimiyyətdə olduğu illər ərzində gördüyü işləri sosial şəbəkələrdə geniş yayımlamağı nəzərdə tutmuşuq. Kampaniyada iştirak edən gənclərin hər birinə üzərində təbliğat xarakterli yazılar əks olunan kepkalar və köynəklər paylanılıb. Biz bununla neytral mövqedə olan gənclərin də diqqətini cəlb etməyə çalışırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə