Azərbaycan prezidentliyinə namizədlərin təbliğat-təşviqat kampaniyası başladı
Mərkəzi Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınan prezidentliyə namizədlər üçün təbliğat-təşviqat kampaniyasına start verilib. SİA-nın məlumatına görə, Azərbaycan prezidentliyi uğrunda 10 namizəd mübarizə aparacaq. Onlar hazırkı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Milli Şuranın namizədi Cəmil Həsənli, Ədalət Partiyasının sədri İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının Sərdar Cəlaloğludur.
Kampaniya çərçivəsində namizədlərin bölgələrdə və Bakıda görüş keçirmələri üçün yerlər ayrılıb. Eyni zamanda namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkətində hər həftə ümumilikdə 6 saat efir vaxtı ayrılacaq. Həmin 6 saatın 3 saatı namizədlər tərəfindən İctimai Televiziyada, 3 saatı isə İctimai Radioda ödənişsiz əsaslarla istifadə olunacaq. Pulsuz efir vaxtının qeydə alınmış namizədlər tərəfindən həftənin cüt günləri, radioda isə həftənin tək günləri istifadə edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, təbliğat-təşviqat kampaniyası oktyabrın 8-də saat 8.00-da başa çatacaq.
Xatırladaq ki, namizədlərin efir vaxtının bölgüsü məqsədilə bu gün MSK püşkatma keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB