Elman Abdullayev: “Arzuolunmaz şəxslər siyahısına dəyişiklik edilə bilər”

Elman Abdullayev: “Arzuolunmaz şəxslər siyahısına dəyişiklik edilə bilər”

"İşğal altındakı Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etdiklərinə görə adı arzuolunmaz şəxslər siyahısına salınan bəzi şəxslər Azərbaycan Prezidentinə və Xarici İşlər Nazirliyinə müraciət edib". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirdiyi brifinqdə deyib.

E.Abdullayev sözlərinə görə, müraciət edənlər adlarının "qara siyahı"ya salınmasından narahatlıq keçirdiklərini bildiriblər: "Bu şəxslər məsələyə yenidən baxılmasını xahiş ediblər. Bizim bəyan etdiyimiz kimi, siyahı daimi deyil. Bu müraciətlər araşdırılacaq və istisna deyil ki, siyahıya dəyişiklik edilsin".

XİN sözçüsü vurğulayıb ki, müraciətlərdə ümumi müşahidə olunan məqam onların aldadılmaları və yanlış istiqamətləndirilmələridir: "Həmin şəxslər Azərbaycan üçün bu səfərlərin nə dərəcədə həssas olduğunu anlamayıblar. Onlar İrəvanda olarkən rəsmi qurumlar tərəfindən aldadılaraq işğal olunmuş ərazilərə aparılıblar. Burada erməni diasporunun da rolu var. Onların maliyyəsi ilə özlərinə siyasi karyera quran şəxslərin bu ərazilərə səfərlərini təşkil etməklə, guya bu ərazilərə səfər marağının yüksək olduğunu göstərməyə çalışırlar".

XİN rəsmisi bildirib ki, adı "qara siyahı"dan çıxarılacaq şəxslər bir daha Azərbaycanın işğal altındakı ərazilərinə qeyri-qanuni səfər etməyəcəklər: "Xarici vətəndaşların işğal olunmuş torpaqlarımıza səfərləri Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik və dövlət sərhədi haqqında qanunun pozulması deməkdir".

"Dövlət sərhədi haqqında qanunun pozulmasına görə, daha ciddi tədbirlərin görülməsinə dair dünya praktikası mövcuddur. Həmin şəxslər İnterpola, məhkəməyə müraciət edə, onlar haqqında beynəlxalq axtarış elan edilə bilərlər. Hesab edirəm ki, Azərbaycanda bu addımları ata bilər, - deyə E.Abdullayev vurğulayıb.

E. Abdullayev qeyd edib ki, müraciət edənlər arasında Rusiya Dumasının üzvü Aleksey Mitrafanov, "Amerikanın səsi" radiosunun Rusiya və MDB üzrə bürosunun rəhbəri Ceyms Bruk, Con Hopkins Universitetinin tələbələri də var.

XİN rəsmisi bildirib ki, Azərbaycanın istənilən ərazisinə səfər etmək üçün öncə respublikanın müvafiq orqanlarına müraciət olunaraq icazə alınmalıdır: "Belə hal baş verib. Bəzi xarici jurnalistlər və siyasilər Azərbaycan Xarici İşlər Nazirliyindən viza alaraq Dağlıq Qarabağa səfərlər ediblər. Bu da həmin şəxslərin Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiklərinin bariz nümunəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə