Prezident İlham Əliyev və xanımı Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışında iştirak ediblər

Prezident İlham Əliyev və xanımı Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışında iştirak ediblər

Sentyabrın 12-də Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı klinikanın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov Prezident İlham Əliyevə klinikanın fəaliyyəti və burada yaradılmış şərait haqqında məlumat verdi. Bildirildi ki, klinikada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 20 şöbə fəaliyyət göstərir. İl ərzində burada 2 min 800 tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq doktorantın cərrahi ixtisaslı fənlər üzrə tədrisi ilə 40 professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul olacaq.

Diqqətə çatdırıldı ki, klinikada üç min kvadratmetr ərazidə xüsusi cihazlar və simulyasiya aparatları ilə təchiz olunmuş tədris mərkəzi yaradılıb. Bu tibb ocağında həm diaqnostik müayinələr aparılacaq, həm də endoskopik əməliyyatlar icra ediləcək.

Qeyd olundu ki, orijinal memarlıq üslubunda inşa edilən 13 mərtəbəli binanın həyətində geniş abadlıq-quruculuq işləri aparılıb.

Klinikada yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin müəllim-tələbə kollektivi ilə görüşdü.

Universitetin rektoru Əhliman Əmiraslanov, kafedra müdiri Adilə Namazova, ikinci kurs tələbəsi Xatun Məmmədova Azərbaycanda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.

Sonra dövlətimizin başçısı və xanımı görüşün iştirakçıları ilə söhbət etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə