Sürücülər yeni tunelin istifadəyə verilməsini sevinclə qarşıladı REPORTAJ
Son illərdə paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bunlar, məhz "Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilib.
Bakıda "Qələbə meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı" layihəsi çərçivəsində inşa edilən beş tunelin açılışını da buna nümunə olaraq göstərmək olar. Tunel tipli yol qovşaqları Atatürk və Vaqif prospektlərini, həmçinin Atatürk prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektini birləşdirir. Əlavə olaraq, Təbriz küçəsindən gələn avtomobillər Gənclik dairəsinə daxil olmadan birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxa biləcək. Həmçinin Fətəli xan Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmək mümkün olacaq. Vaqif prospektindən gələn avtomobillər Fətəli xan Xoyski prospektinin altından keçərək Atatürk prospektinə çıxacaq və bu istiqamətdən Həsən Əliyev prospektinin üstündən keçəcəklər.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlov deyib ki, tunellərdə müasir tipli işıqlandırma sistemi quraşdırılıb ki, bu da kompyüter vasitəsilə idarə olunur. Eyni zamanda yolun hərəkət zolağında da istiqamətverici işıqlar quraşdırılıb: "Yəni, bu, müasir tipli işıqlandırma sistemi həm uzunömürlülük, həm də təhlükəsizlik baxımından böyük effektə malikdir. Bununla belə, tunelin tavan və divar hissəsində də projektorlar quraşdırılıb. Tavan hissədə olan projektorlar gecə və gündüz qəza rejimində çalışır. Hətta 60-dan artıq izləyici kameraları quraşdırılıb. Bununla belə elektrik enerjisinin fasiləsiz təminatı baxımından generator və gücləndiricilər də quraşdırılıb. İşıq söndüyü halda yeni işıq mənbəyi işə düşür. Həmçinin tunellərdə səsi aradan qaldırmaq üçün panellər də yerləşdirilib. Eyni zamanda tunelin giriş hissəsində istiqamətverici panellər yerləşdirilib ki, həmin panellərdə də küçələrin adı, istiqamətverici nişanlar, havanın temperatur göstəriciləri və s. məlumatlar da əks olunub. Bundan başqa yolqovşağı kompleksinə 10 piyada keçidinin də tikintisi daxildir. Həmin piyada keçidlərindən artıq ikisində son tamamlanma işləri gedir. Yaxın gündə burada ekskalatorlar quraşdırıldıqdan sonra piyadaların istifadəsinə veriləcək".
"Hazırda biz paytaxtın Ziya Bünyadov prospektinin 4 hissəsində müxtəlif səviyyəli yolqovşağının tikinti işlərini həyata keçiririk. Artıq Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində olan yol ötürücüsündə işlər tamamlanmaq üzrədir. Demək olar ki, yan yolların asfatlanması işləri davam edir. Eləcə də Xutor dairəsi adlanan ərazidə də işlərin 2013-cü ilin sonu, 2014-cü ilin əvvəllərində başa çatması gözlənir. Bundan əlavə iki küçədə - Böyük Şor və Müzəffər Nərimonaov küçələri ilə kəsişmədə də tunnel tipli yolötürücülərinin tikintisi gedir. Bu işlərinə də 2013-cü ildə başa çatdırılması gözlənilir. Bundan sonra isə Ziya Bünyadov prospektinin əsaslı şəkildə yenidənqurulması işləri həyata keçiriləcək"- deyə, Pünhan Mürsəlov sözlərinə əlavə edib.
Qeyd edək ki, layihə üzrə tikintisi nəzərdə tutulan yolların ümumi sahəsi 110 min kvadratmetrdir. "Qələbə meydanı" adlanan ərazidə hərəkət intensivliyi saatda 2 min 340 avtomobildən 11 min avtomobilədək artacaq. Vaqif prospektində inşa edilən yol qovşağı metronun "Gənclik" stansiyasının tuneli üzərindən keçir. Tunellər beynəlxalq standartlara uyğun layihələndirilib və 9 ballıq zəlzələyə davamlılığı nəzərdə tutulub.
Avtomobil sürücülər isə yeni tunelin istifadəyə verilməsi ilə bağlı məmnunluqlarını dilə gətiriblər. Sürücülər bildiriblər ki, ölkə başçısı tərəfindən atılan bu addım Azərbaycanın iqtisadi uğurun, dünya miqyasında oynadığı mühüm rolun göstəricisidir.
Sürücü Samir Rəhimov: "Bu işdə köməyi olan hər bir kəsə minnətdarığıma bildirirəm ki, biz sürücülərin rahatlığı üçün bu addımları atırlar. Paytaxt Bakı əvvəlki dövrlərlə müqyaisədə xeyli abadlaşıb və inkişaf edib. Əsas odur ki, şəhərdə tıxacların sayı azalıb".
Sürücü Aslan Paşayev: "Bu addımı təqdirəlayiq bir hal kimi dəyərləndirirəm. Ölkəmiz günü-gündən inkişaf edir və nailiyyətləri getdikcə artmaqdadır".
Sürücü Yusif Allahverdiyev: "Artıq rahat mənzil başına çata bilirik. Əvvəllər bu yolda tıxacların sayı çox idi. Dövlətimizə minnətdarıq ki, bizim rahatlığımız üçün bu kimi uğurlu layihələr həyata keçirir".
Sürücü Habil Quliyev: "Son illər dövlət başçısı tərəfindən həm paytaxtda, həm də bölgələrdə görülən işlər alqışlara layiqdir. Hətta belə bir deyim də var ki, "yol mədəniyyətin ayrılmaz bir hissəsidir". Artıq Azərbaycanda yeni texnologiyaların tətbiqi onu deməyə əsas verir ki, ölkəmiz beynəlxalq arenada tanınır və uğurlu nailiyyətlərə imza atır".
Qeyd edək ki, sentyabrın 2-də Bakıda "Qələbə meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı layihəsi çərçivəsində inşa edilən beş tunelin açılış mərasimi olub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı görülən işlərdən razılığını bildirib. Diqqətə çatdırılıb ki, şəhər infrastrukturu yeniləşir. Son illərdə Bakıda onlarla, ölkə üzrə bəlkə də yüzlərlə körpü, keçid, tunel tikilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB