"Dəyişən dünyada Cənubi Qafqaz" 2-ci Forumu öz işini davam etdirir

"Dəyişən dünyada Cənubi Qafqaz" 2-ci Forumu öz işini davam etdirir

Strateji Araşdırmalar Mərkəzi (SAM) və Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının "Dəyişən dünyada Cənubi Qafqaz" 2-ci Forumu davam edir. SİA-nın məlumatına görə, SAM-ın direktoru Fərhad Məmmədov "Cənubi Qafqazda uzun müddət davam edən münaqişələr: Mürəkkəb vəziyyətdən çıxış yolunun axtarışında" adlı lll panelində nitqi zamanı deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 20 ildir ki, davam edir: "Bu səbəbdən regionun nə siyasi, nə də daxili inteqrasiyası mövcud deyil. Hər bir region ölkəsi bu münaqişələr səbəbindən əziyyət çəkir və özlərinə fərqli yol seçiblər. Bu münaqişələrin həlli vahid iqdisadi və siyasi prioritetlərin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, Azərbaycan bu münaqişəyə dövlətlərarası münaqişə kimi baxır. BMT TŞ-nın qəbul etdiyi qərarlar 20 ildən çoxdur ki, həyata keçirilmir. Amma Liviyada qəbul olunan qərarlar dərhal yerinə yetirilir. Bizi qane etməyən əsas məsələ Ermənistanın cəzasız qalmasıdır. Azərbaycan tərəfindən işğalçı ölkəyə qarşı izioliasiya siyasəti həyata keçirilir. Ölkəmiz məcburiyyət qarşısında qalaraq bu addımı atır. Dünyada iki dövlət - Azərbaycan və Türkiyə Ermənistanı bu siyasət vasitəsi ilə cəzalandırır".

Daha sonra millət vəkili Rövşən Rzayev çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə