Fəzail Ağamalı: “Londonda keçiriləcək görüşdə bu məsələlər müzakirə oluna bilər” AÇIQLAMA

Fəzail Ağamalı: “Londonda keçiriləcək görüşdə bu məsələlər müzakirə oluna bilər” AÇIQLAMA

"Təbii ki, bu kimi məsələlər Qərbdən gəlir. Avropada bir sıra ölkələrin səfirləri səviyyəsində görüşlər keçirilir. Bu görüşlərdə də müəyyən təşəbbüslər irəli sürülür. Sonra məlum olur ki, həmin təşəbbüslər "Milli Şura" üzvləri tərəfindən seçkilərdə dəstək qazanmaq məqsədilə irəli sürülüb". Bunu SİA-ya Ana Vətən partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı "Milli Şura" üzvlərinin London səfərinə və sentyabrda keçirmək istədikləri aksiyaya münasibət bildirərkən deyib.

Fəzail Ağamalının sözlərinə görə, Azərbaycan xalqının iradəsindən keçərək demokratik seçkilərdə qalib gələn məhz Azərbaycan prezidenti İlham Əliyev olacaq. Qalib gələ bilməyənlər isə zəfər çalanları təbrik etməlidir: "Böyük Britaniyanın Azərbaycan dövlətində xeyli miqdarda investisiyası var. Neft-qaz sənayesində BP şirkətinin ölkəmizə böyük yatırımı mövcuddur. Böyük Britaniya dövləti maraqlıdır ki, Azərbaycanda prezident seçkiləri azad, şəffaf və demokratik keçməklə bərabər, hər şey dinc müstəvidə öz həllini tapsın. Beləcə, ölkəmizdə hər hansı katokalizmə yol verilməsin, çünki qarşıdurmalar, vandalizm və s... Böyük Britaniyanın BP şirkətinin kommersiya, iqtisadi maraqlarına tamamilə ziddir. Yəqin ki, Londonda keçiriləcək görüşdə də bu məsələlər müzakirə oluna bilər".

"Milli Şura" üzvlərinin sentyabrda keçirmək istədikləri aksiyaya da münasibət bildirən millət vəkili sözlərinə əlavə edib ki, bəlkə də onlar düşünürlər ki, "Milli Şurada" Cəmil Həsənlinin namizədliyinin dəqiqləşməsi və onun namizədliyinin irəli sürülməsi qurumun fəaliyyətini dirçəldib: "Hesab edirəm ki, bu cür düşüncələr illuziyadır. Müxalifətin heç bir sosial bazası yoxdur və bundan söhbət də açıla bilməz Bir sözlə, seçkilər öncəsi müxalifətin keçirəcəyi mitinqlər çox sönük və proseslərə heç bir təsir göstərməyəcək səviyyədə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə