Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyevə əvvəlcə Mərkəzin yerləşdiyi Heydər Əliyev adına istirahət parkında yaradılan şərait barədə məlumat verildi.
Bildirildi ki, yenidənqurma işləri çərçivəsində parkın ərazisi 1,5 hektar genişləndirilərək 4 hektara çatdırılıb. Müasir səviyyədə qurulan parkda sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait var. Burada xüsusi dörd guşə tikilib, oturacaqlar qoyulub, diametri 42 metr olan musiqili fəvvarə yenidən qurulub, geniş yaşıllaşdırma işləri görülüb, drenaj sistemi yaradılıb. Parkda 5 min nəfərlik konsert meydanı və attraksionların quraşdırıldığı sahə var.
Azərbaycan Prezidenti rayonda görülmüş işləri əks etdirən stendlərə baxdı.
Sonra dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Heydər Əliyev Mərkəzinin binası orijinallığı ilə Sabirabad şəhərinin gözəlliyini daha da artırır. Bu Mərkəzin yaradılması ilk növbədə sabirabadlıların Ümummilli Liderin xatirəsinə ehtiramını nümayiş etdirir.
Diqqətə çatdırıldı ki, Mərkəzin inşasına ötən ilin noyabrında başlanılmışdır. Binanın ümumi sahəsi 5,2 min kvadratmetrdir. Üçmərtəbəli binanın birinci mərtəbəsində internet kafe və rəqs studiyası, konfrans zalı və müasir akustika sistemi ilə təchiz edilmiş 3D kinozalı fəaliyyət göstərir. İkinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu Öndərin Sabirabad və rayon sakinləri haqqında fikirlərinin əks olunduğu stendlər quraşdırılıb. Buradakı ekspozisiya zalında fotolar və Ulu Öndərin təhsili, fəaliyyəti ilə bağlı digər sənədlər böyük maraq doğurur. Binanın 1094 kvadratmetr sahəsi olan ekspozisiya zalında dahi şəxsiyyətin müxtəlif dövrlərdə çəkilmiş fotoları sərgilənir. Zalda müxtəlif bölmələrdə Ümummilli Liderin uşaqlıq, gənclik, tələbəlik, sovet dönəmi və müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərdəki fotoları maraqla qarşılanır. "Heydər Əliyev və Sabirabad. 1970-1998-ci illər" bölməsində dahi rəhbərin bu rayona səfərlərini əks etdirən fotolar yer alıb. Bu fotolar bir daha sübut edir ki, Ümummilli Lider Azərbaycana rəhbərliyinin bütün dövrlərində Sabirabadın da inkişafına xüsusi diqqət göstərib. Ulu Öndərin Sabirabada 15 dəfə səfər etməsi bunun bariz nümunəsidir. Ümummilli lider Heydər Əliyevin rayondakı müxtəlif obyektlərin açılışlarında iştirak etməsi, ictimaiyyət nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşləri sabirabadlıların xatirində dərin izlər buraxıb.
Mərkəzdəki "Azərbaycan dövlətçiliyi tarixi kabineti" də diqqəti cəlb edir. Burada ən son elmi-texniki nailiyyətlərə əsaslanan sistem və avadanlıq quraşdırılıb.
Ekspozisiya zalında Prezident İlham Əliyevin Sabirabada səfərləri və siyasi fəaliyyəti əks olunan fotoguşə də var.
Bildirildi ki, Mərkəzdə səyyar sərgi zalı fəaliyyət göstərəcək. Burada rayonun rəssamları əsərlərini sərgiləyəcəklər. Mərkəzin 330 yerlik böyük akt zalında rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan var. Zal bütün zəruri avadanlıqla təchiz edilib. Mərkəzdə dizayn, rəsm və şahmat otaqları, həmçinin elektron kitabxana, fotostudiya və linqafon sinfi də fəaliyyət göstərəcək.
Azərbaycan Prezidenti Heydər Əliyev Mərkəzində yaradılmış şəraitdən razılığını bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB