Musa Quliyev: “Radikal müxalifət məğlubiyyəti və qara taleyi ilə barışmalı olub”

Musa Quliyev: “Radikal müxalifət məğlubiyyəti və qara taleyi ilə barışmalı olub”

"Azərbaycan demokratik, hüquqi dövlətdir və qanuna uyğun olaraq istənilən vətəndaş cəmiyyəti razılaşdırılmış şəkildə aksiya keçirə bilər. Bu baxımdan dünən keçirilən aksiyanı normal hal kimi qarşılayıram". Bunu SİA-ya millət vəkili Musa Quliyev deyib.

Aksiyanın mahiyyətinə gəlincə isə millət vəkili bildirib ki, burda "utanmasan oynamağa nə var ki?" xalq məsəli yerinə düşür: "Aksiyada çıxış edən insanların nə xalqın qarşısına çıxmağa üzləri, nə də deyiləsi sözləri yoxdur. Çünki onların iqtidarda olduğu zaman xalqın göstərdiyi etimadı doğrultmadılar və sıfıra endirdilər. Xalqa nəinki xidmət göstərə bilmədilər, əksinə, xalqa nə qədər düşmən mövqedə olduqlarını sübut etdilər. Keçən 20 il ərzində isə həmişə "müxalifətdə" olublar. Bütün seçkilərdə buna bənzər bəyanatlar səsləndiriblər. Son nəticədə isə məğlubiyyətləri və qara taleləri ilə barışmalı olublar. Ona görə də aksiyada səsləndirilən "şüarlar", həm də bugünki sessiyalarında verəcəkləri qərarlar mənasız və əhəmiyyətsizdir. Bu kimi fikirlərlə onlar ətraflarında olan beş-on nəfərin başını aldatmaqdan başqa heç nə deyil. Çünki reallıqlar mövcuddur və bu reallıqları dəyərləndirən Azərbaycan xalqıdır. Azərbaycan xalqı da bilir ki, onu işıqlı gələcəyə aparan, Ulu Öndər Heydər Əliyev ideyalarıdır, bu ideyaları həyata keçirən Yeni Azərbaycan Partiyası və Prezident İlham Əliyevin rəhbərlik etdiyi iqtidar komandasıdır".

Millət vəkili bildirib ki, seçkiyə iki aydan bir qədər az vaxt qalmasına baxmayaraq, "Milli Şura"nın seçkidə iştirak edəcək namizədini müəyyən edə bilməməsi gülüncdür: "Seçkiyə gedən müxalifət komandası ən azı iki il öncədən planlarını, hədəflərini, müəyyənləşdirməli və buna uyğun iş aparmalıdır. İki ay ərzində onlar kimi namizəd müəyyənləşdirəcəklər, hansı insan, maliyyə resurslarını toplayacaqlar ki, xalq onlara dəstək versin? Onların bu hərəkətləri seçkidən sonrakı dövrdə kimin müxalifət olacağı ilə bağlı öz aralarında aparılan oyundur".

Musa Quliyev vurğuladı ki, müxalifət dairələri Azərbaycana düşmən olan xarici qüvvələrdən maliyyə dəstəyi alırlar və bunun qarşılığını vermək üçün belə addımlar atırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə