Azərbaycan Gənc Diplomatlar Birliyi 2013-cü il 9 oktyabrda keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləmək məqsədilə Ölkə başçısı İlham Əliyevin 10 illik fəaliyyətinə həsr olunan "Azərbaycan beynəlxalq əməkdaşlıq məkanıdır" mövzusunda dəyirmi masa keçirib. SİA-nın xəbərinə görə, tədbirdə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru politoloq, Azərbaycan Gənc Diplomatlar Birliyinin baş məsləhətçisi Elman Nəsirli, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova və gənc diplomatlar iştirak ediblər.
Tədbirin moderatoru Elman Nəsirli bildirib ki, Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlar Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan məqsədyönlü siyasəti davam etdirən İlham Əliyevin adı ilə bağlıdır: "Artıq Azərbaycanda inkişafın xüsusi bir modeli formalaşıb. Təsadüfi deyil ki, dünyanın müxtəlif ölkələrində maliyyə iqtisadi böhranı yaşandığı bir vaxtda Azərbaycanda iqtisadi inkişaf tempi yüksək sürətlə davam edir. Bu uğurların əldə olunması ilə bağlı Azərbaycan Gənc Diplomatlar Birliyi silsilə tədbirlər start verib".
Dəyirmi masadakı çıxışı zamanı Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov vurğulayıb ki, ölkə başçısı İlham Əliyev tərəfindən aparılan düzgün siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada böyük imicə malikdir.
Daha sonra Gənclər və İdman Nazirliyinin gənclərlə iş sektorunun müdiri Fuad Babayev Azərbaycanın beynəlxalq gənclər siyasəti və onun reallaşdırılması mexanizmləri mövzusunda çıxış edib. Bildirib ki, Azərbaycan Avropa Gənclər Forumunda MDB məkanını təmsil edən yeganə dövlətdir.
Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə dəyirmi masada "Azərbaycanın beynəlxalq əlaqələrində medianın rolu" mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, müstəqilliyinin 22-ci il dönümünü yaşayan Azərbaycan Respublikası sosial-iqtisadi və sosial-siyasi mühit baxımından nəinki regionun, hətta Şərqi Avropanın ən güclü dövlətlədindəndir: "Cənubi Qafqaz iqtisadiyyatının 85 faizini əlində cəmləşdirən Azərbaycan, eyni zamanda müasir beynəlxalq münasibətlər sisteminin ən fəal aktorlarından biridir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi qlobal əməkdaşlıq və təhlükəsizlik məsələlərinin həllində, dünyanın müxtəlif ərazilərində planetin super gücləri ilə sülhməramlı əməliyyatlarda iştirak edir. Həmçinin Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aktiv rol oynayır. Müasir Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sisteminin müstəqil aktoruna çevrilməsində Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin fəaliyyətinin xüsusi əhəmiyyəti var. Ölkənin beynəlxalq aləmdə uğurlar qazanmasında böyük inkişaf yolu keçən Azərbaycan mətbuatı da mühüm rol oynayır. Medianın əsas fəaliyyət istiqaməti Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq, ictimai rəyi formalaşdırmaq və kütləvi şüuru hərəkətə gətirməkdir".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə "Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin aktorudur" mövzusunda məruzə ilə çıxış edib. H.Babaoğlu bildirib ki, Azərbaycan beynəlxalq münasibətlərin qeyri-formal aktorudur: "Beynəlxalq münasibətlər sistemində formal və qeyri-formal aktorlar mövcuddur. Formal aktorlarda sərhədləri olan, milli dövlətçiliyi təmsil edən bütün nişanələr var. Amma dövlət olmasına baxmayaraq, siyasi iradəyə söykənərək müstəqil qərarlar qəbul etmir. Belə dövlətlərə misal olaraq, Ermənistanı göstərmək olar. Azərbaycan isə siyasi iradəyə söykənərək müstəqil qərarlar qəbul edə bilən dövlətdir".
Daha sonra çıxış edən məruzəçilər dövlət başçısı İlham Əliyevin 10 illik prezidentliyi dövründə Azərbaycanın qazandığı uğurlardan danışıblar.
Dəyirmi Masanın sonunda gənc diplomatların sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB