YAP-ın Bakı şəhəri üzrə seçki qərargahı rəhbərlərinin iclası keçirilib YENİLƏNİB-FOTOLAR

YAP-ın Bakı şəhəri üzrə seçki qərargahı rəhbərlərinin iclası keçirilib YENİLƏNİB-FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı YAP-ın Bakı şəhəri üzrə seçki qərargahı rəhbərlərinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, hakim partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov da iştirak edib.

Tədbirdə çıxış edən Siyavuş Novruzov bildirib ki, bu görüş oktyabr ayında keçiriləcək prezident seçkilərinə hesablanıb: "Azərbaycanda seçki proseduru iki ay müddətində nəzərdə tutulub. Oktyabr ayında isə seçkilərə start veriləcək. Bizim partiyanın ayrı-ayrı nümayəndələri xarici ölkələrdə seçki prosesində iştirak ediblər. Burada onlar həmin ölkələrin seçki texnologiyalarına, təcrübələrinə yaxın bələd olublar. Bir sözlə, YAP seçkiləri qanunun tələblərinə uyğun olaraq həyata keçirəcək. Artıq bildiyiniz kimi, beş ildir ki, hakim partiyanın gəncləri həm yay, həm də qış məktəblərində iştirak edir, müxtəlif diskussiyalar təşkil edirlər. Hesab edirəm ki, biz potensial intellektual biliyə malik olan bu gənclərdən, seçki prosesində həm müşahidəçi, həm də imzatoplayan şəxslər kimi istifadə etməliyik. Eləcə də biz seçki ərəfəsində ayrı-ayrı qurumlarla öz işlərimizi qurmalıyıq".

S.Novruzov seçkiqabağı insanları zamandan səmərəli istifadə etməyə çağırıb: "Düzdür, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti, onun cəmiyyətdə qazandığı nüfuz imkan verir ki, o, yenidən seçkilərdə qalib gəlsin. Bütün cəmiyyətin birmənalı şəkildə arzu-istəyi ondan ibarətdir ki, ölkə rəhbəri yenidən Prezident İlham Əliyev olsun və Ümummilli lider Heydər Əliyev siyasəti uğurla davam etdirilsin. Bizim üçün zaman böyük dəyərə malikdir. Hər bir gün sayılı gündür. Hesab edirəm ki, bu zamandan, gündən səmərəli faydalanmalıyıq".

Daha sonra YAP Siyasi Şurasının üzvü, hakim partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək təşkilatın fəaliyyəti və seçkilərə hazırlığı ilə bağlı ətarflı məlumat verib. Diqqətə çatdırılıb ki, təşkilat 1993-cü ilin iyun ayında yaradılıb: "YAP Nəsimi rayon təşkilatının 25 min üzvü vardır ki, bunun da 11 min 781 nəfərini qadınlar təşkil edir. Gənclərin də burada böyük rolu və dəstəyi vardır. YAP-ın 50 faizini gənclər təşkil edir. Rayonun 215 min əhalisinin 102 mini seçki hüququna malikdir".

Sonra YAP Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmov söz alaraq deyib ki, rayonda seçkilərə hazırlıq işləri yüksək səviyyədə keçirilir: "YAP Xətai rayon təşkilatında seçicilərin sayı 16 min 661 nəfər təşkil edir. Burada 124 məntəqə, 21 nəfərdən ibarət seçki qərargahının üzvü var. Əsas məqsədimiz insanların seçki məntəqlərinə gəlmələrini təmin etməkdir. Əgər biz buna nail olsaq, hesab edirəm ki, seçkilərdə böyük qələbə qazanacayıq. Mən 20 ilə yaxındır ki, seçki proseslərində iştirak edirəm".

"YAP-ın 1993-cü ildən bu yana bütün seçkilərdə qalib gəlməsinin əsas səbəbi Ümummilli lider Heydər Əliyev ideyalarına, siyasətinə sadiqlik və ölkə rəhbəri İlham Əliyev şəxsiyyətinə tərənnümdür". Bunu isə YAP Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov nitqində söyləyib. Qeyd edilib ki, YAP seçki texnologiyalarına mükəmməl səviyyədə yaxından bələd olub və bunu dünyaya tətbiq edir: "Məlumdur ki, 1995-ci ildə dövlət baçısı İlham Əliyev Qaradağ rayonundan Milli Məclisə deputat seçilib. YAP Qaradağ rayon təşkilatının 10 min 200 nəfər üzvü var. Rayonda seçkilərə hazırlıq davam edir və seçici siyahıları tam hazır vəziyyətə gətirilib".

Sonda isə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, seçkilərə hazırlıqla bağlı rayonda böyük işlər görülüb: "Bütün seçkilərdə rayonumuz uğurlar qazanıb və hər zaman seçkilərin nəticələrinə görə öndə gedib. Burada 65 min seçici cəmləşib".

Çıxışlarda oktyabrda keçiriləcək seçkilərdə İlham Əliyevin yenidən prezident kimi qalib gələcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə