QDİƏT-ə üzv dövlətlərin gənc liderlərinin beynəlxalq forumu keçirilib YENİLƏNİB-FOTOLAR

QDİƏT-ə üzv dövlətlərin gənc liderlərinin beynəlxalq forumu keçirilib YENİLƏNİB-FOTOLAR

Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv olan 11 dövlətin gənc liderlərinin beynəlxalq forumu keçirilib. SİA-nın verdiyi xəbərə görə, forumda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, millət vəkilləri Asəf Hacıyev, Musa Qasımlı, Azərbaycan Gənclər Fondunun direktoru Fərhad Hacıyev iştirak edib.

Beynəlxalq forumu giriş sözü ilə açan AAGİB-nin sədri Vüqar Əhmədov bildirib ki, layihənin məqsədi bölgədə vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolunun artırılması və QDİƏT ölkələrini əhatə edən gənclər arasında dialoqun qurulmasıdır. Diqqətə çatdırılıb ki, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutan Gənc Liderlər Forumu, QDİƏT QHT forumunun platforması əsasında meydana gəlib. Sədr Qara Dəniz QHT forumunun tərkibində gənclər birliyinin təşkil olunmasına verdiyi razılığa görə təşkilatın sədri Azay Quliyevə təşəkkürünü bildirib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev deyib ki, 20 ildən artıq fəaliyyət göstərən QDİƏT yaranarkən hələ heç kim bu təşkilatın gələcəkdə nəyə qadir olacağını və nələrə qadir olduğunu bilmirdi: "Çox sevindirici haldır ki, bu gün bu quruma daxil olan ölkər çox aktiv şəkildə özlərini təzahür edə bilirlər. Azərbaycanlı gənclərin də bu quruma maraq göstərməsi bu gün artıq ölkədə inkişaf edən vətəndaş cəmiyyətinin gücləndiyindən xəbər verir. Bu gün əcnəbi gənclərlə azərbaycanlı gənclərin əlaqələri, əməkdaşlığı genişlənir. Bu da təbii ki, ölkədə aparılan düzgün siyasətin, həmçinin vətəndaş cəmiyyətinin əldə etdiyi nailliyyətlərin bariz nümunəsidir".

Forumda çıxış edən Qara Dəniz QHT forumunun sədri, millət vəkili Azay Quliyev gənclərin təşəbbüsünü alqışlayıb. Bildirilib ki, ölkəmiz regionun aparıcı dövlətidir. Millət vəkili QDİƏT-in QHT Forumu təsis olunduqdan sonra Gənclər Forumunun keçirilməsini azərbaycanlı gənclərin QDİƏT strukturlarına inteqrasiyasını təmin edəcəyini və bu regionda gənclər arasında əməkdaşlıq imkanlarını artıracağını bildirib: "Bu ilin mayında QDİƏT QHT Forumunun Ankarada keçirilən toplantısında təşkilatın gənclər birliyinin yaradılması və onun baş ofisinin Trabzonda yerləşməsi haqqında qərar verib. Qara Dəniz QHT Forumunun 2013-cü ilin noyabrında Serbiyada keçiriləcək növbəti toplantısında qurumun gənclər qolu rəsmən təsdiqlənəcək. Təşkilatın gənclər qolu gənc liderlərə bölgə üçün önəmli olan mövzular ətrafında fikir mübadiləsi aparmaq, bu platformada iqtisadi, sosial və mədəni sahədə əməkdaşlığı genişləndirmək və vahid tərəfdaşlıq strategiyasını müəyyən etməyə imkan verəcək.

Daha sonra millət vəkilləri Asəf Hacıyev və Musa Qasımlı çıxış edərək qeyd ediblər ki, regionda hər zaman yüksək intellektual potensiala malik gənclər yaşayıb.

Azərbaycan Gənclər Fondunun direktoru Fərhad Hacıyev isə deyib ki, Azərbaycanda beynəlxalq gənclər təşkilatı yaranır və bu, artıq ənənə şəklini alıb: "Bu təşkilat Bakıda təsis olunan ilk beynəlxalq qurum deyil. Azərbaycan əhalisinin 3/1-ni 14-29 yaş arası vətəndaşlar təşkil edir. Azərbaycan dövləti hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərir".

Forumda Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova, Ukrayna, Rumıniya, Bolqarıstan, Albaniya, Yunanıstan, Rusiya və Serbiyadan gənc liderlərin, gənclər təşkilatları sədrlərinin, sözügedən ölkələrin gənclər siyasətinə məsul olan dövlət strukturlarının, həmin ölkələrin Bakıdakı səfirlikləri, eyni zamanda Azərbaycan Prezident Administrasiyasının məsul şəxsləri, yerli gənclər təşkilatlarının rəhbərləri və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak edib.

Forumun sonunda iştirakçılar tərəfindən Bakı bəyannaməsi qəbul olunacaq. Bəyannamədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təsis olunması və əsas fəaliyyətinin üzv dövlətlərin gəncləri arasında əməkdaşlıq və inkişafın gücləndirilməsinə sərf edilməsi nəzərdə tutulur.

Daha sonra beynəlxalq forum panellərdə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə