"Avropa Parlamentinin Azərbaycana diqtə etmək haqqı yoxdur" MÜNASİBƏT

"Avropa Parlamentinin Azərbaycana diqtə etmək haqqı yoxdur" MÜNASİBƏT

Parlamentin bugünkü iclasının gündəliyində dəyişiklik edilib. SİA-nın məlumatına görə, spiker Oqtay Əsədov Avropa Parlamentinin Azərbaycanla bağlı 13 iyun qətnaməsinin gündəliyin ilk müzakirə mövzusu olduğunu elan edib.

İlk olaraq spiker məsələyə münasibət bildirib. Onun sözlərinə görə, iyunun 13-də Avropa Parlamentində təxirəsalınmaz iclas keçirilib və Azərbaycanla bağlı qətnamə qəbul edilib: "Qətnamənin qəbulunda 734 parlament üzvündən cəmi 32 nəfər iştirak edib. Həmin insanlar da əsas səsvermə vasitəsi ilə deyil, yalnız əl qadırmaq yolu ilə bu qətnaməni qəbul ediblər. Bu bir daha göstərir ki, Azərbaycanın əleyhinə olan qüvvələr vaxt tapan kimi ölkəmizə qarşı sənəd qəbul edirlər. Çox təəssüf ki, iclas zamanı parlamentin Əməkdaşlıq komitəsindən olan deputatların etiraz səsini qaldırmalarına baxmayaraq, sənəd qəbul olunub".

"Azərbaycan Avropa İttifaqı ilə tam konstruktiv əməkdaşlıq edir. İlk dəfə Avropa Parlamenti ilə Milli Məclis arasında Əməkdaşlıq Komitəsi yaradıldı. Azərbaycan Avronest Parlament Assambleyasının aktiv iştirakçısı oldu. Məqsəd Avropa Parlamenti ilə Milli Məclis arasında əməkdaşlığı inkişaf etdirmək idi",- deyə O. Əsədov fikirlərinə əlavə edib.

Spiker qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana diqtə etmək haqqı yoxdur. Onun sözlərinə görə, qəbul olunan qətnamə qərəzlidir və Azərbaycan hər dəfə uğurlara imza atdığı dövrdə təxirəsalınmaz iclas keçirərək bu kimi qətnamələr qəbul edirlər: "Bu, bəzi deputatların öz məqsədlərinə çatmaq üçün imzaladıqları sənəddir".

Bütün xəbərlər Facebook səhifəmizdə