Hadı Rəcəbli: “Müxalifət vahid namizəd tapsa, Allaha şükür edərəm”

Hadı Rəcəbli: “Müxalifət vahid namizəd tapsa, Allaha şükür edərəm”

"Müsavat Partiyasının başqanı İsa Qəmbərə və onu dəstəsinə demək istəyirəm ki, siz illərdir, vahid namizəd tapa bilmirsiniz. Əgər vahid namizədinizi müəyyənləşdirə bilsəniz, mən Allaha şükür edərəm". Bunu SİA-ya millət vəkili Hadı Rəcəbli İsa Qəmbərin Binəqədi sakinlərilə keçirdiyi görüşdə "vahid namizəd olan şəxs Azərbaycanda olmalıdır" fikrinə münasibət bildirərkən deyib.

H.Rəcəblinin sözlərinə görə, bu insanlar konsensusa gələ bilməyən, qərəzli, ambisiyalı adamlardır: "Onların hər biri özləri haqqında daha çox düşünürlər, nəinki xalq haqqında. Məhz buna görə də hələ də bu insanlar vahid namizəd verə bilmirlər. Bir sözlə, özünü bu qədər istəyən, yalnız öz şəxsi maraqlarını nəzərə alan şəxs, xalqı istəyə bilməz".

"Freedom House"un Azərbaycanın vətəndaş cəmiyyəti göstəricisinə görə aşağı reytinqdə qeyd edilən "Keçid dövrü ölkələri-2013" adlı hesabatına da toxunan millət vəkili deyib ki, bu təşkilatda sadəcə olaraq, ikilistandart mövcuddur: "Bu gün Azərbaycanda söz, mətbuat və fikir azadlığı var. Bununla belə, "Facebook" kimi sosial şəbəkələr mövcuddur ki, burada da insanlar sərbəst şəkildə öz fikirlərini ifadə edə bilirlər. Ölkəmizdə 30-dan artıq partiya fəaliyyət göstərir. Azərbaycan Milli Məclisində yeddi partiya təmsil olunur. Mən sevinirəm ki, bunu bilən, oxuyan hər bir azərbaycanlı hər şeyin qərəzli, yalan olduğunu açıq-aşkar ayırd etməyi bacarır".

Bütün xəbərlər Facebook səhifəmizdə