20-ci yubiley beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı

20-ci yubiley beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı

Bu gün 20-ci yubiley beynəlxalq "Xəzər Neft və Qaz", Neftayırma və Neft kimyası və 3-cü Xəzər beynəlxalq energetika və alternativ enerji sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, mətbuat konfransında "İTE Qrup" şirkətinin icraçı direktoru Edvard Stroon, "Xəzər Neft və Qaz" sərgisinin meneceri Tofiq Kərimov, "Xəzər Neft və Qaz" konfransının meneceri Nigar Muradxanlı, BP AGT regionu, xarici əlaqələr üzrə menecer Xanım Tamam Bayatlı iştirak ediblər. Mətbuat konfransı əsnasında jurnalistlərə sərginin iştirakçıları və statistik göstəriciləri ənənəvi "Caspian Oil and Gas" konfransının proqramı, seminarlar və sərgi çərçivəsində keçiriləcək "Alıcılarla tanış olun" ("Meet the Buyer") şüarı altında təşkil olunacaq tədbirin mövzusu barəsində məlumat verilib.

Daha sonra "İTE Qrup" şirkətinin icraçı direktoru Edvard Stroon bildirib ki, 20 illik tarix artıq böyük bir məna kəsb edir: "1994-cü ildən başlayaraq hər il iyunun ilk həftəsində bu sərgi təşkil olunur. Bu da təbii ki, ölkənin sabit, iqtisadi artımının göstəricisidir. 20-ci yubiley beynəlxalq "Xəzər Neft və Qaz" sərgisi neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan, habelə servis xidmətləri göstərən dünyanın 28 ölkəsindən 386 şirkəti bir araya gətirir. Sərgi Bakı Ekspo Mərkəzinin 3 pavilyonunda, eləcə də komplekslə yanaşı, açıq meydançada keçiriləcək. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi 5 ölkə sərgidə öz milli qrupları ilə təmsil olunacaqlar".

"Xəzər Neft və Qaz" sərgisinin meneceri Tofiq Kərimov isə deyib ki, ötən illə müqayisədə sərgi meydançalarının həcmi 22 faiz, eksponentlərin ümumi sayı isə 25 faiz artıb: "Daha öncə Azərbaycan bazarında fəaliyyət göstərməyən və ümumi iştirakçıların 20 faizini təşkil edən yeni şirkətlər isə sərgiyə marağın azalmadığına sübutdur. Sərginin keçirildiyi illər ərzində həm sevindirici hal, həm də əsas nailiyyət ondan ibarətdir ki, bu tədbirə qatılan yerli şirkətlərin sayı ildən-ilə artır və bu il onlar sərgi iştirakçılarının ümumi sayının 30 faizini təşkil edirlər".

BP AGT regionu, xarici əlaqələr üzrə menecer Xanım Tamam Bayatlı söz alaraq vurğulayıb ki, şirkət 20 ildir ki, bu sərginin iştirakçısı qismində təmsil olunur: "İlk tədbirimiz 2011-ci ildə reallaşdırılıb. Bu isə ikinci tədbirimizdir. 20-ci yubiley beynəlxalq "Xəzər Neft və Qaz" sərgisini keçirməkdə məqsədimiz konfransın beynəlxalq əhəmiyyətə malik olmasıdır".

Daha sonra digər çıxış edənlər konfransın əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, sərginin əsas bölmələri neft-qaz yataqlarında hasilat, geofizika və geologiya, qaz və neft quyularının tikintisi, işlənməsi, platformalar və üzən qazma qurğuları, qaz çıxartma sənayesi üçün avadanlığın layihələşdirilməsi, istehsalı və texniki qulluq, boruların salınması və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təminatı, neft və qaz emalı və neft-kimya məhsulları, neft və qaz saxlama sistemlərinin təmin edilməsi və s. olacaq.

Eyni zamanda, sərgi çərçivəsində iyunun 5-6-da 20-ci yubiley Xəzər neft-qaz, neftayırma və neft kimyası konfransı keçiriləcək. Konfransda dünya enerji bazarında dəyişikliklər, Avropanın enerji təhlükəsizliyi təminatında Azərbaycanın rolu, Xəzər regionu kəşfiyyat və hasilat sektorunun cari inkişaf istiqamətləri, Xəzəryanı dövlətlər arasında əməkdaşlıq, regional investisiya qoyuluşu, Xəzərin neft və qaz ehtiyatlarının dünya bazarlarına nəqli, Azərbaycanın ixrac yollarının şaxələndirilməsi, neft və qaz hasilatı, emalı və neft kimyası sahəsində yeni layihələr və s. mövzular müzakirə olunacaq.

Qeyd edək ki, Sənaye və Energetika Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmi dəstəyi, Böyük Britaniyanın "ITE Group PLC" şirkətinin Qafqazda eksklüziv tərəfdaşı olan "Iteca Caspian LLC"-nin təşkilatçılığı ilə keçiriləcək sərgi və konfransa 10 mindən çox ziyarətçinin gəlişi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə