Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illik yubileyi münasibəti ilə seminar təşkil olunub. SİA-nın xəbərinə görə seminar Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov və həmin kafedranın əməkdaşı tarix elmləri namizədi Nuru Məmmədov tərəfindən aparılıb.
Seminarı giriş sözü ilə açan YAP GB-nin mərkəzi ofisinin rəhbəri Sərraf Balaxan bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Daha sonra çıxış edən tarix elmləri doktoru Anar İsgəndərov gənclərə tarixi hadisə ilə bağlı məlumat verib, cümhuriyyətin yaranma tarixindən, o dövrün ictimai-siyasi durumundan söhbət açıb: "Rusiyada 1917-ci ildə baş verən Fevral inqilabından sonra Çar İmperiyası devrildi. 1918-ci il mayın 28-də müsəlman şərqində ilk dünyəvi demokratik dövlət Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu hadisə tarixi yaddaşımızda dövlətçiliyimizin ilk təcrübəsi oldu. AXC qısa ömründə böyük nailiyyətlər edib. İlk dəfə qadınlara seçim hüququ tanıyaraq, qadın–kişi bərabərliyini təmin edib. Həmçinin cümhuriyyət ilk dəfə olaraq milli ordu, milli pul, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat kimi məsələləri həyata keçirib. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi".
Daha sonra seminar qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB